Azər Həsrətin bu paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. Onun rus bölmələrinin yalnız rusdilli əhali üçün saxlanılması, digər vətəndaşların isə Azərbaycan bölməsində təhsil almasının vacibliyi barədə çağırışı istifadəçilər arasında müxtəlif reaksiyalarla qarşılanıb.
Mövzu ilə bağlı Musavat.com-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, o, Azərbaycanda baza təhsilinin ana dilində aparılmasının tərəfdarıdır.
Deputat qeyd edib ki, valideynlərin övladlarını başqa dildə təhsil almağa yönəltmək hüququ da nəzərə alınmalıdır:
“Bu, mənim birmənalı mövqeyimdir. Lakin məsələyə fərqli kontekstlərdən yanaşıram. Əgər hansısa valideyn öz uşağının başqa bir dildə təhsil almasını istəyirsə, buna qadağa qoyulması, mənim qənaətimə görə, insanların hüquq və azadlıqları baxımından doğru yanaşma deyil. Bu istiqamətdə təbliğatın aparılmasını, maarifləndirmənin genişləndirilməsini daha zəruri hesab edirəm. Eyni zamanda Azərbaycan Respublikasında digər dillərdə baza təhsili verən təhsil müəssisələrinin dövlət tərəfindən maliyyələşdirilməsini də doğru hesab etmirəm. Çünki Azərbaycanın dövlət dili Azərbaycan dilidir və bu məntiq təhsil sisteminə də şamil olunmalıdır. Amma özəl məktəblər fəaliyyət göstərirsə və valideyn övladının baza təhsilini başqa dildə alması üçün bunun maliyyəsini özü qarşılayırsa, belə seçimə məhdudiyyət qoyulması hüquqi baxımdan düzgün yanaşma deyil.
Mən Azər bəyi başa düşürəm, onun nə demək istədiyini və yanaşmasını yaxşı anlayıram. Lakin düşünürəm ki, bu proses qadağalar yolu ilə həyata keçirilməməlidir. Mən məhdudiyyətlərin deyil, maarifləndirmənin tərəfdarıyam. Eyni zamanda hesab edirəm ki, baza təhsili Azərbaycan dilində olmalı, Azərbaycan dilində təhsil verməyən müəssisələr isə dövlət tərəfindən maliyyələşdirilməməlidir”.

Elçin Mirzəbəyli əlavə edib ki, bu kimi mövzularda emosional və aqressiv ritorikadan uzaq durmaq lazımdır:
“Ümumiyyətlə, bu qəbildən olan müzakirələrdə aşırı emosionallığın, aqressiyanın və kəskin ifadələrin tamamilə əleyhinəyəm. Bu məsələlər ətrafında polemika aparmaq olar və düşünürəm ki, bu, cəmiyyət üçün də vacibdir. İnsanlar müxtəlif baxış bucaqlarından öz fikirlərini ifadə edə bilərlər. Amma bir məsələ də var ki, siyasi və ictimai yanaşma ilə hüquqi yanaşma fərqlidir. Vətəndaşın hüququnu məhdudlaşdıra bilməzsən. Bu prinsip də nəzərə alınmalıdır”.
Şahanə Rəhimli
Musavat.com






