Rusiya və İran arasında əldə olunmuş son razılığa əsasən, 162 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə 2026-cı il aprelin 1-dən start veriləcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya tərəfi məlumat yayıb.
Məlumata görə tərəflər layihənin önündə dayanan demək olar ki, bütün hüquqi və texniki maneələri aradan qaldırıblar:
Torpaq məsələsi: İran tərəfi 20 mart 2026-cı ilə qədər (Novruz bayramı ərəfəsi) dəmir yolunun keçəcəyi marşrut boyunca bütün torpaq sahələrinin dövlət tərəfindən satın alınması və rəsmiləşdirilməsi prosesini başa çatdıracağını vəd edib.
Maliyyə və güzəştlər: Tikinti üçün lazım olan avadanlıqların idxalı, gömrük rüsumları və vergi güzəştləri ilə bağlı bütün detallar yekunlaşdırılıb.
Yekun saziş: 1 aprel tarixində Moskvada keçiriləcək "Nəqliyyat həftəsi" çərçivəsində layihənin icrasına dair bütün detalları özündə birləşdirən sonuncu müqavilə imzalanacaq.
Rəşt-Astara xətti Azərbaycan dəmir yollarını İranın milli şəbəkəsi və Hind okeanı (Fars körfəzi) limanları ilə birləşdirəcək yeganə həlqədir.
Layihənin ümumi büdcəsi təxminən 1,6 milyard avro qiymətləndirilir. Bunun 1,3 milyard avrosu Rusiya tərəfindən dövlət krediti şəklində ayrılacaq.
Bu yol hazır olduqdan sonra yüklərin Hindistandan Rusiyaya və Avropaya çatdırılma müddəti 45-60 gündən (Süveyş kanalı vasitəsilə) 20-25 günə enəcək.
İlkin mərhələdə illik 15 milyon ton yükün daşınması proqnozlaşdırılır.
Musavat.com






