İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın ziddiyyətli mesajları: İran Cənubi Qafqazda sülhdən niyə narahatdır?  

367 18.12.2025 15:27 Dünya A A

 

"İran rəsmiləri tərəfindən Cənubi Qafqazdakı sülh prosesi ilə bağlı ziddiyyətli açıqlamaların verilməsi İranın daxili siyasi konyunkturasındakı ziddiyyətlərin ifadəsidir. Aydın olan məqam ondan ibarətdir ki, İranın siyasi dairələrində Cənubi Qafqazdakı sülh prosesi ilə bağlı narahatlıq keçirən, ona mane olmağa çalışan, hətta tərəfləri hədələməkdən çəkinməyən qüvvələr mövcuddur".

Bu fikirləri Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov İranın dini rəhbəri Xameneinin müşaviri Əli Əkbər Vilayətinin TRIPP layihəsi ilə bağlı mövqeyini şərh edərkən bildirib. V.Hüseynov xatırladıb ki, İran tərəfindən Ermənistan-Azərbaycan sülh təşəbbüsləri ilə bağlı neqativ açıqlamalar əvvəllər də olub:

“44 günlük Vətən müharibəsi dövründə, ondan əvvəl də, sonra da ard-arda bu cür açıqlamalar səsləndirilib. Prezident Pezeşkian hökumətinin mövqeyi Azərbaycan tərəfinə çatdırılıb-bəzi qüvvələr tərəfindən səsləndirilən fikirlər İran dövlətinin rəsmi mövqeyini əks etdirmir. Bununla yanaşı, rəsmi Bakı İranın dini rəhbəri Xameneinin müşaviri Əli Əkbər Vilayəti səviyyəsində Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı neqativ bəyanatların səsləndirilməsini gözardı edə bilməz. Yaxın və orta vədədə bu, proseslərə müəyyən qədər təsir edə, xüsusilə İran-Azərbaycan münasibətlərinə xələl gətirə bilər. Əlbəttə ki, bu, heç bir tərəfin marağına uyğun deyil”

V.Hüseynov vurğulayıb ki, İranın xarici işlər naziri Abbas Əraqçi Bakıya rəsmi səfəri zamanı İranın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib:

“Qonşuluq və dostluq münasibətləri hər iki tərəfin maraqlarına xidmət edir. Belə bir açıqlamanın ardından neqativ bəyanatın verilməsi İranın siyasi dairələrində ziddiyyət olduğunu göstərir. Bütün qruplar Ermənistan və Azərbaycan arasındakı sülh mühitini dəstəkləmir, xarici aktorların rolundan narahatdırlar. Ermənistan İrana bir neçə dəfə müxtəlif diplomatik kanallar vasitəsilə izah edib ki, istər Zəngəzur dəhlizi, istərsə də Cənubi Qafqazda sülhün bərqərar olması İranın maraqlarına təhdid deyil, əksinə bu maraqlara xidmət edir. Bütün bu açıqlamalara baxmayaraq, biz hələ də İran tərəfindən adekvat olmayan yanaşmanın şahidi oluruq. Bu isə təəssüf doğurur”. 

Qeyd edək ki, İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti dekabrın 15-də Tehranda Ermənistanın İrandakı səfiri Qriqor Akopyanla görüşündə bildirib ki, İran TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) planına qarşıdır və bunu təhlükəsizlik üçün təhdid hesab edir.

Musavat.com xatırladır ki, “Tramp yolu” kimi də tanınan TRIPP Zəngəzur dəhlizinin Ermənistanın cənubundan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirir.   

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR