Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bugünkü müşavirədə deyib ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur ki, bunlar da təbii olaraq sutoplayıcı funksiyalara malikdir.
“Amma 2014-cü illə 2025-ci illər arasında burada bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunmuş, tikintilər aparılmışdır. Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin və bu ərazilərin subasmaya məruz qalmasını şərtləndirir”, - deyə qurum rəhbəri diqqətə çatdırıb.
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, ölkədə tikinti sektoruna nəzarət edən 14-ə yaxın dövlət və hökumət orqanı var.

Onun sözlərinə görə, nəzarətdən kənar gölləri qurudub tikinti aparmaqda müəyyən yüksək rütbəli məmurların marağı olub:
“Belə hadisələrə görə konkret cəzalandırılan şəxslər olmalıdır. Nəzarətedici orqanların gözündən bu dərəcədə yayınmaq mümkün deyil. Cəza mexanizmi olmalıdır ki, digərlərinə də dərs olsun. Belə hadisələrin qarşısını almaq üçün illərdir təklif etdiyimiz kimi, böyük şəhər bələdiyyələri yaradılmalıdır. Bütün proseslər bir mərkəzdən idarə olunmalıdır. O zaman cavabdehlər də, məsuliyyət də, səlahiyyət də bilinəcək. İndi məsuliyyəti olanın səlahiyyəti yoxdur, səlahiyyəti olanın məsuliyyəti yoxdur. Bu da kifayət qədər ciddi problem yaradır”.
Nigar HƏSƏNLİ,
Musavat.com






