ABŞ prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammitinə sərt ritorika ilə başlaması müttəfiqlərin gözləntilərini xeyli aşağı salıb.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" yazıb.
Saytın məlumatına görə, NATO ölkələri Trampın Türkiyə paytaxtına daha çox razılaşma və kompromis əhval-ruhiyyəsi ilə gələcəyinə ümid edirdilər. Lakin ABŞ prezidenti sammitin ilk saatlarındaca Ukrayna, Qrenlandiya və alyansın müdafiə öhdəlikləri ilə bağlı köhnə narazılıqlarını yenidən gündəmə gətirib.
Tramp bildirib ki, Ukraynada baş verənlər Vaşinqtona təsir etmir. O, həmçinin Qrenlandiyanın ABŞ-ın nəzarətində olmalı olduğunu yenidən təkrarlayıb.
NATO diplomatlarından biri Politico-ya deyib ki, müttəfiqlər ABŞ-ın tələb etdiyi kimi müdafiə xərclərini artırır, milyardlarla dollarlıq yeni silah sazişləri elan edirlər, amma bütün bu pozitiv gündəm indi Trampın Qrenlandiya ilə bağlı narazılığı kölgəsində qalıb.
ABŞ senatoru Kris Kuns isə bildirib ki, Tramp sammiti birləşdirici və pozitiv gündəmdən uzaqlaşdırıb.
Nəşr yazır ki, NATO üzvləri sammiti mümkün qədər sakit keçirməyə çalışıblar. Məqsəd Trampın alyansa ciddi zərər vurmadan sammitdən pozitiv tonda ayrılmasına nail olmaq olub.
"Politico"nun gördüyü yekun bəyanat layihəsində isə cəmi 6 bənd yer alıb. Sənəddə NATO ölkələri 5-ci maddəyə, yəni kollektiv müdafiə öhdəliyinə sadiqliklərini təsdiqləyir, Rusiyanı alyans üzvləri üçün uzunmüddətli təhlükə kimi tanıyır və İranın nüvə silahı əldə etməməli olduğunu bildirirlər.
Bəzi iştirakçılar isə Trampın sərt çıxışlarına baxmayaraq, onun Ankaraya gəlməsinin özü-özlüyündə müsbət siqnal olduğunu düşünürlər. Keçmiş NATO rəsmisi Giedrimas Yeqļinskas bildirib ki, Trampın sammitdə iştirakı müttəfiqlər üçün müəyyən təminat mesajıdır.
Musavat.com






