ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin avtoimza qələmi ilə imzaladığı bütün icra sərəncamlarını ləğv edib.
Musavat.com xəbər verir ki, məlumatı Tramp Truth Social hesabında açıqlayıb: "Yuxulu Co Baydenin avtoimza qələmlə imzaladığı bütün sənədlər, təxminən 92 faizi ləğv edilib və artıq qüvvədə deyil. ABŞ Prezidenti tərəfindən birbaşa icazə verilmədikcə avtoimza qələmdən istifadə qadağandır".
Trampın sözlərinə görə, "radikal solçu Demokratlar" faktiki olaraq "Baydenin prezidentlik səlahiyyətlərini əlindən alıblar": "Buna görə də qələmi idarə edən insanlar qanunsuz hərəkət etdiyinə görə yalançı Co Bayden tərəfindən birbaşa imzalanmayan bütün icra sərəncamlarını və digər sənədləri ləğv edirəm. Co Bayden qələm prosesinə daxil edilməyib və əgər o, başqa cür desə, yalan ifadə verməkdə ittiham olunacaq".
Tramp dəfələrlə Baydenin sənədləri özü imzalamadığını və onun əməkdaşlarının qələmdən istifadəyə əl atdığını iddia edib. O, həmçinin Baydenin qohumları da daxil olmaqla təxminən 2500 şəxsin əfv edilməsi ilə bağlı icra sərəncamlarının keçmiş prezidentin xəbəri olmadan qələmlə imzalandıqları üçün etibarsız olduğu fikrini bildirib. Bayden əvvəllər "The New York Times" qəzetinə verdiyi müsahibədə əfv fərmanlarını imzalamaq üçün avtoimza qələmdən istifadə edildiyini etiraf etmiş, bütün əfv qərarlarının şəxsən özü tərəfindən verildiyini və çox sayda sənəd olduğuna görə qələmdən istifadənin zəruri olduğunu bildirmişdi. İyul ayında Ağ Ev keçmiş ABŞ liderinin avtoimza qələmindən istifadə etməsi ilə bağlı araşdırma başlatmışdı.
Qeyd edək ki, noyabrın əvvəlində Ağ Evin dərc etdiyi bir neçə prezident sərəncamında Trampın imzalarının eyni olduğu aşkarlanıb. Mətbuat onların avtoimza qələmlə imzalandığı ehtimalını irəli sürdükdə həmin sənədlər yeniləri ilə əvəz olunub.
Musavat.com






