“Prezident üçün ABŞ-ın nəhəng hərbi imkanlarından istifadə etmək qədər həyəcanverici bir şey yoxdur. Donald Tramp jurnalistlərlə Venesuelada həyata keçirilmiş əməliyyatlar barədə danışarkən onun səsindəki eyforiyanı açıq-aşkar hiss etmək olardı”.
Musavat.com xəbər verir ki, bu sətirlər ABŞ-ın “The Washington Post” qəzetinin yazarı Devid İqnatiusun köşə yazısında yer alıb.
Həmin yazıdan önəmli hissələri təqdim edirik:
“Bu cür xam güc hissi özü ilə elə bir təkəbbür gətirir ki, son 30 il ərzində demək olar bütün prezident administrasiyalarını məhz bu xüsusiyyət sarsıdıb. Bu, xüsusilə Tramp kimi özünü sələflərindən daha ağıllı və daha sərt hesab edən lider üçün son dərəcə təhlükəli bir meyildir. O, sanki istədiyini - prezidentləri, ölkələri, resursları - heç bir bədəl ödəmədən ala biləcəyinə inanır. Halbuki dünya belə işləmir.
Şənbə günü səhər tezdən xüsusi təyinatlı qüvvələrin Nikolas Maduronu bunkerdən çıxararaq ələ keçirdiyi sarsıdıcı əməliyyatdan sonra Tramp elə danışırdı ki, guya onun gücünün heç bir həddi yoxdur. Kuba “yıxılmağa hazırdır”. Kolumbiya “xəstə bir adam tərəfindən idarə olunur və çox çəkməyəcək”. O, Meksika prezidenti Klaudiya Şeynbaumu sevdiyini deyir, amma sən demə, ona görə “kartellər Meksikanı idarə edir” və bu səbəbdən ABŞ qoşunlarını ora göndərmək istəyir.
NATO müttəfiqi Danimarkanın ərazisi olan Qrenlandiyaya gəlincə, Tramp onu istədiyini bildirir, lakin deyir ki, bu barədə 20 gün danışa bilməz.
Prezidentlik cazibəlidir. O, hətta ehtiyatlı siyasətçiləri belə həddi aşmağa sövq edir. Tramp isə ehtiyatlılığın tam əksidir. O, dünyanı - həm ölkə daxilində, həm də xaricdə - kökündən yenidən qurmaq niyyətindədir. Bu cür düşüncəni xülyapərəstlik, narsisizm və ya diktatorluq adlandırmaq asandır. Amma Tramp sanki özünü qalib yürüşdə hesab edir və Çinlə Rusiya istisna olmaqla, əksər ölkələr hələ də onu necə cilovlayacaqlarını bilmirlər”.
Musavat.com






