ABŞ prezidenti Donald Tramp İranda anti-hökumət aksiyalarında iştirak edən yüzlərlə şəxslə bağlı verilmiş ölüm hökmü qərarlarının ləğv olunmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Tramp yanvarın 16-da axşam saatlarında Truth Social sosial şəbəkəsində paylaşım edərək, İran hakimiyyətinin əvvəlcədən planlaşdırılan edamları dayandırmasını yüksək qiymətləndirdiyini qeyd edib.
Tramp paylaşımında bildirib: “Dünən icra olunması nəzərdə tutulan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsi faktını yüksək qiymətləndirirəm. Təşəkkür edirəm”.
Xatırladaq ki, son həftələr İranda baş verən kütləvi etirazlar fonunda onlarla, hətta yüzlərlə etirazçının edam ediləcəyi ilə bağlı məlumatlar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurmuşdu. ABŞ və bir sıra Qərb ölkələri Tehranı insan haqlarını pozmaqda ittiham edir, edamların dayandırılmasına çağırırdı.
Trampın bu açıqlaması isə Vaşinqtonun Tehranla münasibətlərində gərgin fon üzərində nadir və diqqətçəkən jest kimi qiymətləndirilir. ABŞ prezidentinin açıq təşəkkürü həm İran daxilində, həm də beynəlxalq mediada geniş rezonans doğurub.
Musavat.com






