ABŞ prezidenti Donald Tramp sabiq dövlət başçısı Barak Obamanın həbs olunmasını tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə "The American Conservative" jurnalı məlumat yayıb.
Məlumata görə, Tramp özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edərək, 2016-cı il prezident seçkilərində Rusiya ilə əməkdaşlıq iddialarının saxta olduğunu və bu prosesin birbaşa Barak Obamanın göstərişiylə həyata keçirildiyini bildirib.
Donald Tramp iddia edib ki, Obama Mərkəzi Kəşfiyyat İdarəsinə onun əleyhinə saxta kəşfiyyat məlumatlarının hazırlanması barədə göstəriş verib. ABŞ lideri bunu dövlət çevrilişinə cəhd adlandıraraq, eks-prezidentin buna görə məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Jurnalın yazdığına görə, Trampın bu açıqlamasından bir neçə gün əvvəl Federal Təhqiqat Bürosu (FTB) Tramp administrasiyasının bəzi yüksəkvəzifəli rəsmilərinin iştirakı ilə Corciya ştatının Fulton dairəsində 2020-ci il prezident seçkiləri ilə bağlı sənədləri müsadirə edib. Həmin seçkilərdə Demokratlar Partiyasının namizədi Co Bayden qalib elan olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin iyulunda ABŞ-nin milli kəşfiyyat direktoru Tulsi Qabbard da bu mövzu ilə bağlı sensasion hesabat yaymışdı. Hesabatda bildirilirdi ki, Trampın 2016-cı il seçkilərində qalib gəlməsindən sonra Obama administrasiyası Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı kəşfiyyat məlumatlarını faktiki olaraq saxtalaşdırıb. Məqsəd Trampın hakimiyyətdən uzaqlaşdırılması olub.
Qabbardın sözlərinə görə, seçkilərdən bir neçə ay əvvəl ABŞ kəşfiyyat qurumları yekdil mövqedə idilər: Rusiya nə seçkilərə müdaxilə etmək niyyətində olub, nə də bunun üçün imkanlara malik idi. Lakin Trampın qələbəsindən sonra – 2016-cı ilin dekabrında – Obama administrasiyası əvvəlki qiymətləndirmələrə zidd olan yeni hesabatın hazırlanması barədə göstəriş verib.
Milli kəşfiyyat direktorunun açıqlamasına əsasən, Rusiyanın seçkilərin nəticələrinə təsir göstərmədiyini təsdiqləyən əsas nəticə hesabatdan çıxarılaraq məxfiləşdirilib.
Şahanə Rəhimli
Musavat.com






