Suriya Prezidenti Əhməd əl-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, tərəflər danışıq zamanı Suriyadakı mövcud vəziyyəti, ölkənin ərazi bütövlüyünün qorunmasını və terrorla mübarizə məsələlərini ətraflı müzakirə ediblər.
Məlumata görə, telefon danışığında Suriyanın vahid və müstəqil dövlət kimi saxlanmasına beynəlxalq dəstəyin vacibliyi xüsusi vurğulanıb. Tərəflər, həmçinin İŞİD və digər terror qruplaşmalarına qarşı mübarizədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
Görüş zamanı diqqətçəkən məqamlardan biri də kürd əhalisinin hüquqlarının Suriya dövləti çərçivəsində təmin olunmasının vacibliyi ilə bağlı olub. Danışıqda regional və beynəlxalq çağırışlara cavab verə bilən güclü və sabit Suriyanın formalaşdırılması perspektivinin önə çıxarıldığı bildirilib.
Qeyd edək ki, bu telefon danışığı Suriya ordusu ilə YPG arasında atəşkəşin pozulduğu və tərəflər arasında aktiv döyüşlərin getdiyi bir vaxtda baş tutub.
Musavat.com






