İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın İran mesajı dünya gündəmini dəyişdi - Doha danışıqları başlayır?

1162 30.06.2026 01:23 Analitika A A

ABŞ prezidenti Donald Tramp İranla yeni təmasların baş tuta biləcəyinə dair diqqətçəkən açıqlama verib. Tramp "Truth Social" sosial şəbəkəsində paylaşdığı mesajda İran tərəfinin görüş keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini bildirib.

ABŞ liderinin sözlərinə görə, tərəflər arasında danışıqların Qətərin paytaxtı Doha şəhərində keçirilməsi planlaşdırılır.

"İran görüş keçirilməsini istəyib. Bu görüş iyunun 30- da Dohada baş tutacaq", – deyə Donald Tramp paylaşımında qeyd edib.

Hələlik İran rəsmiləri Trampın bu açıqlaması ilə bağlı rəsmi mövqe bildirməyiblər. Görüşün gündəliyi və hansı səviyyədə keçiriləcəyi barədə də əlavə məlumat açıqlanmayıb.

Bu arada onu da qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu iyunun 30-da keçiriləcək.

Bu barədə “Al Arabiya” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Trampın açıqladığı görüş baş tutacaqmı? ABŞ və İran arasında yeni danışıqlar gərginliyi azaltmağa imkan verəcəkmi? Doha görüşü iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilərmi?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirdi ki, ABŞ-İran arasında danışıqlar ötən həftə uğurlu sonluqla bitdi: "Tərəflər mediaya açıqlamalarında atəşkəsin qarşıdakı 60 gün ərzində davam edəcəyini bəyan etdilər. Eyni zamanda bir sıra məsələlərdə ilkin razılaşma əldə olduğunu və bunun inkişaf etdiriləcəyini açıqladılar. Bu əslində regionda sabitliyin yaradılması üçün böyük ümidlər yaratmışdı. Birləşmiş Ştatlar atəşkəsin qorunub saxlanması üçün İsrailə də təsir etdiyi görsənirdi. Belə ki, Vaşinqtonda İsrail və Livanın səfirləri səviyyəsində bir razılaşma imzalanmasına nail oldu. Lakin bütün bunlar regionda sülhün yaradılması prosesinə gətirib çıxara bilmədi. Tərəflər avia zərbələr endirməkdən çəkinmədilər. ABŞ və İsrail qarşılıqlı olaraq bir-birini atəşkəsi pozmaqda ittiham etdi. Bu situasiya olduqca utanvericidir. Siyasi danışıqlar hərbi hücumların qarşısını almaqda, ağıl emosiyaya qalib gəlməkdə aciz qalıb. Üstəlik, yeni çox pis bir president də ortaya çıxır. Dünyanın super gücü və regional nüfuz uğrunda döyüşən ölkələr verdiyi sözə əməl etmir. Halbuki bu ölkələr regional və beynəlxalq səviyyədə sülhün qarantı olmağa iddia edənlərdir. Bütün dünya ABŞ-ni həmişə daxili və beynəlxalq siyasətdə hesabatlılıq məsuliyyətinə gorə təqdir edib. Lakin İranla danışıqlar prosesində Birləşmiş Ştatların da bu ölkənin ənənəvi siyasi xəttinə yuvarlandığı müşahidə olunur. Danışıqlar prosesində müəmmalar azalmaq əvəzinə artır. İctimaiyyətə verilən informasiyalar ziddiyətli və reklam xarakterli olur.

Ona görə də danışıqların növbəti mərhələsinin başlanması barədə Trampın açıqlamasına artıq şübhə ilə yanaşılır. Əslində danışıqların davam etdirilməsinə ehtiyac var. Çünki tərəflərin bir-birini təkzib edən açıqlamaları ortada böyük bir anlaşılmazlığın qaldığını göstərirdi. Ümid edirik ki, Dohada danışıqların növbəti raundu baş tutacaq və regiona sabitlik gətirəcək. Çünki nə İran, nə də ABŞ müharibə etmək istəmir. Lakin onlar üçün müharibə meydanını tərk etmək də o qədər asan deyil".

Cavanşir Abbaslı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR