İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla anlaşan azərbaycanlı – Pezeşkian yenə prezident olacaq?

1354 20.06.2026 08:13 Siyasət A A

Məlum olduğu kimi, İran və ABŞ qarşılıqlı anlaşma memorandumu imzalayıb. Sənədin imzalanması Tehrana və Vaşinqtona danışıqlara başlamaq imkanı verir. Memorandumu ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian imzalayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai bəyan edib ki, İranla ABŞ arasında memorandumun mətni hər iki tərəfin onu imzalamasından sonra rəsmi olaraq yekunlaşdırılıb. ABŞ-ın "Axios” nəşrinin jurnalisti Barak Ravid mənbələrə istinadən bildirib ki, memorandum elektron formada imzalanıb və artıq qüvvəyə minib.

İranın yeni prezidenti kimdir? — “Atam da, anam da türkdür” demişdi

Bu proseslərdə diqqət çəkən detallardan biri təbrizli prezident Pezeşkian faktorudur. Trampla sənədi azərbaycanlı prezident imzaladı. Bu müharibədən sağ çıxan, cəmiyyətdə nüfuzunu qorumağa çalışan Pezeşkian növbəti dəfə ölkə prezidenti seçilə bilərmi, yoxsa ona qarşı gedən SEPAH buna imkan verməz?

Qeyd edək ki, Məsud Pezeşkian İran siyasətində islahatçı qanadın tanınmış simalarından hesab olunur. Təbrizdə doğulan və azərbaycanlı ailəsindən olan Pezeşkian uzun illər həm həkim, həm də siyasətçi kimi fəaliyyət göstərib. O, daha əvvəl İranın səhiyyə naziri və parlamentdə deputat olub. 2024-cü ildə keçirilən prezident seçkilərində qalib gələrək ölkənin doqquzuncu prezidenti seçilən Pezeşkian seçki kampaniyası dövründə Qərblə dialoqun genişləndirilməsi, iqtisadi problemlərin həlli və cəmiyyətdə daha yumşaq siyasi mühitin formalaşdırılması ilə bağlı vədləri ilə diqqət çəkmişdi. Lakin onun prezidentlik dövrü kifayət qədər mürəkkəb şəraitə təsadüf edib. İranın ABŞ və İsraillə gərgin münasibətləri, sanksiyalar, regional qarşıdurmalar və son hərbi hadisələr Pezeşkian hökumətinin fəaliyyətinə ciddi təsir göstərib.

Onu da diqqətə çatdıraq ki, Pezeşkian prezident seçildiyi gündən etibarən beynəlxalq mediada daha çox "islahatçı", "mötədil siyasətçi" və "Qərblə dialoqa açıq lider" kimi təqdim olunur. Bir çox Qərb nəşrləri onun hakimiyyətə gəlişini İranın sərt xətt tərəfdarları ilə islahatçılar arasında balans yaratmaq cəhdi kimi qiymətləndirib. ABŞ-nin nüfuzlu Xarici Münasibətlər Şurasının (CFR) ekspertləri hələ 2024-cü ildə qeyd edirdilər ki, Pezeşkian nüvə danışıqları və sosial məsələlərdə sələflərindən daha yumşaq mövqe nümayiş etdirsə də, İran siyasi sisteminin sərhədləri daxilində hərəkət etmək məcburiyyətindədir.

SEPAH-ın arzusu ürəyində qaldı, Pezeşkian Bakıya gəlir

2025 və 2026-cı illərdə isə beynəlxalq mediada Pezeşkian daha çox diplomatiya tərəfdarı kimi təqdim olunmağa başlayıb. “Euronews” yazırdı ki, İran prezidenti ABŞ ilə "ədalətli və bərabərhüquqlu danışıqlara" hazır olduğunu bəyan edərək gərginliyin azaldılmasına çalışır. CNN isə onu "müharibədən sağ çıxan prezident" adlandıraraq qeyd edib ki, Pezeşkian üçün əsl sınaq müharibə yox, məhz sülh dövrünü idarə etmək olacaq.
Bununla yanaşı, İran daxilində və xaricdə onun ünvanına tənqidi yanaşmalar da az deyil. Mühafizəkar dairələr Pezeşkianı ABŞ-la danışıqlara meylli olmaqda ittiham edir. İranın sərt xətt tərəfdarlarına yaxın media orqanları bir neçə dəfə onun diplomatik çıxışlarını və Vaşinqtonla dialoq çağırışlarını tənqid edib. Digər tərəfdən, bəzi müxalif çevrələr isə hesab edir ki, Pezeşkian islahatçı imicinə baxmayaraq, İran siyasi sistemində köklü dəyişikliklər etmək imkanına malik deyil.

Son memorandumun Donald Trampla məhz Pezeşkian tərəfindən imzalanması onun siyasi çəkisini yenidən artırıb. Bir sıra beynəlxalq müşahidəçilər hesab edirlər ki, əgər ABŞ-la başlayan proses iqtisadi vəziyyətin yaxşılaşmasına və sanksiyaların yumşalmasına gətirib çıxarsa, bu, Pezeşkianın həm ölkə daxilində nüfuzunu gücləndirə, həm də gələcək prezident seçkilərində şanslarını artıra bilər. Əks halda isə uğursuzluğun siyasi məsuliyyəti ilk növbədə onun üzərinə düşəcək.

Siyasi şərhçi Kənan Rövşənoğlu Musavat.com-a deyib ki, İranda seçkilər planlaşdırılmır: “Prezident seçkiləri iki il sonra keçiriləcək. Bu mənada indi kimsə İranda növbəti prezident seçkilərindən danışmır. Əlbəttə, Pezeşkian bir dönəm seçildiyi üçün növbəti müddətə də namizədliyini irəli sürmək hüququna malikdir. Avqustda Pezeşkianın prezidentliynin 2 ili tamam olacaq. Bu dövr demək olar ki, müharibə və sanksiyaların altında keçdi. Xüsusən də son bir ildir ki, İran ABŞ və İsraillə müharibə aparır. Bu səbəbdən, Pezeşkian hökumətinin fəaliyyətinə obyektiv qiymət vermək asan deyil. Lakin qarşıdakı 2 il ərzində vəziyyət dəyişə bilər, o zaman hökumətin fəaliyyətini daha real qiymətləndirmək olar”.

Bilinən odur ki, dünyanın bütün əhalisini ən azı 2-3 dəfə peyvənd  etdirəcəklər-Kənan Rövşənoğlu

Siyasi şərhçi əlavə edib ki, İran siyasətində ənənəvi olaraq mühafizəkar-islahatçı qarşıdurması olub və olmaqda davam edir: “Lakin müharibə İran cəmiyyətində konsolidasiya yaradıb, xüsusən də nəzərə almaq lazımdır ki, Pezeşkian və hökuməti müharibə dövründə özünü yaxşı tərəfdən göstərdi. Üstəlik, Pezeşkian amili İran cəmiyyətində birlik yaradılması baxımından müsbət impuls idi. Güman edirəm ki, bu səbəbdən də onun növbəti seçkilərdə namizədliyini irəli sürməsi ehtimalı yüksəkdir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR