İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə NATO-nun yeni hərbi kassası qurulur: Kanada 10 ölkəni bir bank ətrafında toplayır

1049 02.07.2026 22:18 Son xəbər A A

Kanadadan NATO sammiti öncəsi mühüm təşəbbüs: Qlobal müdafiə bankı yaradılır – 10 təsisçi ölkənin adı açıqlana bilər

Kanada gələn həftə Türkiyədə keçiriləcək NATO sammitində beynəlxalq təhlükəsizlik arxitekturasına təsir göstərə biləcək yeni təşəbbüslə çıxış etməyə hazırlaşır. Ottava sammit zamanı yeni yaradılacaq Qlobal Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (Defence, Security and Resilience Bank – DSRB) təsisçiləri olacaq təxminən 10 ölkənin siyahısını elan etməyi hədəfləyir. Bu barədə Kanadanın layihə üzrə baş danışıqlarçısı, Kanada Biznes İnkişaf Bankının rəhbəri İzabel Hüdon Reuters agentliyinə müsahibəsində bildirib.

Musavat.com-un məlumatına görə, təşəbbüsün əsas müəllifi Kanadanın baş naziri Mark Karnidir. O, son aylarda ənənəvi ABŞ mərkəzli beynəlxalq təhlükəsizlik sisteminin dəyişdiyini vurğulayaraq, “orta güclər ittifaqı” ideyasını irəli sürür və yeni müdafiə bankını həmin strategiyanın mühüm elementi hesab edir.

Yeni maliyyə qurumunun məqsədi müttəfiq ölkələrin müdafiə sənayesini gücləndirmək üçün təxminən 133 milyard ABŞ dolları həcmində güzəştli maliyyə resursu toplamaqdır. Layihənin əsas hədəfi xüsusilə kiçik və orta müdafiə sənayesi müəssisələrinin maliyyələşdirilməsini asanlaşdırmaq, silah və hərbi texnologiya istehsalını artırmaq, NATO ölkələrinin müdafiə imkanlarını genişləndirməkdir.

İzabel Hüdon bildirib ki, təsisçi ölkələrin əksəriyyəti Avropa dövlətləri olacaq və Kanada da onların sırasında yer alacaq. Bununla belə, o, yekun danışıqlar davam etdiyi üçün hansı ölkələrin ilk mərhələdə banka qoşulacağını açıqlamayıb. Onun sözlərinə görə, NATO sammiti layihənin ilk mərhələsinin elan olunması üçün müəyyən edilmiş əsas tarixdir, lakin yekun razılaşmalar hələ tamamlanmayıb. 

9e386fc7-3aeb-4488-b257-bbbd31293521.jpg (306 KB)

Layihənin gələcəyi isə müəyyən risklərlə üzləşir. Ekspertlərin fikrincə, bankın yüksək – “AAA” kredit reytinqi əldə etməsi üçün iri iqtisadiyyatların dəstəyinə ehtiyac var. Hazırda yalnız Kanada və Lüksemburq layihəyə açıq dəstək verir. Cənubi Koreya da təşəbbüsə qoşulma imkanını nəzərdən keçirir. Bununla yanaşı, digər G7 ölkələrinin əksəriyyəti hələlik bankın təsisçiləri sırasına qoşulmağa hazır görünmür.

Məlumata görə, Almaniya əvvəlcə təşəbbüsə ehtiyatla yanaşsa da, sonradan müşahidəçi statusunda danışıqlara qoşulub. İtaliya, İspaniya, Türkiyə, Belçika və Ukrayna da layihə ilə bağlı sənədləri təhlil edir. Niderland isə Böyük Britaniya və Finlandiya ilə birlikdə alternativ müdafiə maliyyələşdirmə mexanizmi üzərində işlədiyi üçün hazırda DSRB layihəsində iştirak etmir.

Bankın qərargahının Kanadada yerləşəcəyi artıq məlumdur. Avropa qərargahı isə Lüksemburqda fəaliyyət göstərəcək. Kanadanın Toronto, Monreal, Ottava, Halifaks və Vankuver şəhərləri əsas qərargah uğrunda rəqabət aparır. Hansı şəhərin seçiləcəyi barədə qərarın daha sonra veriləcəyi gözlənilir.

Layihəyə beynəlxalq maliyyə sektorunda da ciddi maraq göstərilir. Dünyanın aparıcı banklarından JPMorgan, Deutsche Bank, Commerzbank, ING, eləcə də Kanadanın iri maliyyə institutları – RBC, BMO, CIBC, Scotiabank, TD Bank və National Bank of Canada təşəbbüsə dəstək veriblər.

Qeyd edək ki, NATO-nun 7–8 iyul tarixlərində Türkiyənin Ankara şəhərində keçiriləcək sammitində müdafiə xərclərinin artırılması, hərbi sənaye istehsalının genişləndirilməsi və Ukraynaya dəstək əsas müzakirə mövzuları olacaq. Alyans rəhbərliyi sammit zamanı milyardlarla dollar dəyərində yeni müdafiə müqavilələrinin də elan ediləcəyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR