Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın minlərlə kilometr dərinliyində yerləşən strateji obyektləri vurması Moskvanın hava hücumundan müdafiə sisteminin imkanları ilə bağlı yeni suallar yaradıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, israilli hərbi jurnalist Sergey Auslender Rusiyanın bu hücumların qarşısını almaqda çətinlik çəkməsinin əsas səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, müasir zenit-raket komplekslərinin əksəriyyəti təyyarə və raketlərə qarşı hazırlanıb. Buna görə də aşağı hündürlükdə və nisbətən yavaş uçan dronlara qarşı onların effektivliyi xeyli azalır.
Auslender hesab edir ki, Rusiyanın istifadə etdiyi "Pantsir" komplekslərinin də bir sıra texniki çatışmazlıqları var. Bundan əlavə, Ukraynanın zərbələri nəticəsində cəbhə bölgəsində yerləşən çoxsaylı HHM sistemləri məhv edilib.
Ekspert digər ciddi problemin dronların vaxtında aşkar edilməməsi olduğunu bildirib. Onun fikrincə, Ukraynadan havaya qalxan pilotsuz aparatların Rusiyanın mərkəzi bölgələrinə çatması bir neçə saat çəkir. Lakin buna baxmayaraq, Rusiya onların marşrutunu əvvəlcədən müəyyən edə bilmir. Auslender bunu ölkənin radar müşahidə sistemində boşluqların olması ilə izah edir.
O qeyd edib ki, Ukrayna son dövrlər dronlara qarşı xüsusi dron-tutucu sistemlər hazırlamağa başlayıb. Rusiya isə bu təcrübədən istifadə edərək mobil atəş qrupları yaratsa da, ölkənin nəhəng ərazisini bu üsulla tam qorumaq mümkün deyil.
İsrailli jurnalistin fikrincə, Rusiya ordusunda qərarların qəbul edilməsindəki bürokratik lənglik də əsas problemlərdən biridir. O bildirib ki, yeni silah sistemləri istifadəyə verilənədək qarşı tərəf artıq onlara qarşı effektiv müdafiə üsulları hazırlayır və nəticədə həmin silahların döyüş effektivliyi azalır.
Qeyd edək ki, son günlər Ukrayna pilotsuz aparatları Saratov, Tatarıstan, Voronej və ilk dəfə olaraq Ukrayna sərhədindən təxminən 2500 kilometr uzaqlıqda yerləşən Omsk Neft Emalı Zavoduna zərbələr endirib. Bu hücumlar Rusiyanın arxa cəbhəsinin təhlükəsizliyi ilə bağlı müzakirələri daha da gücləndirib.
Musavat.com






