Ukrayna hərbi qüvvələri Rusiyanın daxili yanacaq bazarını iflic etmək məqsədilə növbəti strateji əməliyyatını həyata keçirib. Ukraynaya məxsus zərbə dronları Rusiya Federasiyasının Nijni Novqorod vilayətində yerləşən və ölkənin ən iri neft nəhənglərindən biri sayılan "Lukoyl" şirkətinə məxsus neft emalı zavoduna kütləvi hücum təşkil edib.
Musavat.com xəbər verir ki, yerli və beynəlxalq monitorinq resurslarının yaydığı təcili məlumata görə, hücum Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən strateji hərbi-iqtisadi obyektə yönəlib. Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hədəfi birbaşa Rusiyanın neft sənayesində mühüm çəkiyə malik olan "Lukoyl-Nijeqorodnefteorqsintel" zavodu olub. Şahidlərin verdiyi məlumata görə, dronların dəqiq zərbələrindən dərhal sonra nəhəng müəssisənin istehsalat sahələrindən birində güclü partlayış baş verib və zavodu genişmiqyaslı alov qatı bürüyüb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və xüsusi texnika cəlb olunsa da, neft məhsullarının yanması səbəbindən alovun lokallaşdırılması istiqamətində ciddi çətinliklər yaranıb. Hərbi və iqtisadi ekspertlər bu son zərbəni Rusiyada onsuz da kəskin şəkildə yaşanan benzin və dizel qıtlığını daha da dərinləşdirəcək, daxili bazarda qiymətlərin rekord səviyyədə artmasına təkan verəcək növbəti sarsıdıcı itki kimi qiymətləndirirlər.
Musavat.com






