ABŞ sülh razılaşmasına gəlməsi üçün Ukraynaya təhlükəsizlik zəmanətləri verdiyini bəyan edir. Söhbət NATO-nun 5-ci maddəsinə bənzər, ABŞ-ın hərbi və hüquqi öhdəliklərini ehtiva edən zəmanətlərdən gedir.
Bəs NATO-nun 5-ci maddəsi nələri nəzərdə tutur?
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-un bu sualına cavabında bildirib ki, NATO-nun 5-ci maddəsi Şimali Atlantika Müqaviləsinin ən əsas və məşhur müddəalarından biridir.

“Bu maddə kollektiv müdafiə prinsipini təsbit edir və üzv ölkələr üçün təhlükəsizlik zəmanəti yaradır. 5-ci maddəyə görə, NATO-ya üzv ölkələrdən birinə edilən silahlı hücum, bütün üzv ölkələrə edilmiş hücum kimi qiymətləndirilir. Bu halda hər bir üzv dövlət hücuma məruz qalan ölkəyə yardım göstərməlidir”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, yardım silahlı qüvvə ilə müdafiə, hərbi, texniki və ya logistika dəstəyi, siyasi və diplomatik tədbirlər formasında ola bilər:
“5-ci maddə avtomatik müharibə elan edilməsi demək deyil. Hər ölkə yardımın növünü öz konstitusiyasına və qərar mexanizminə uyğun müəyyən edir. Bu maddə Şimali Atlantika bölgəsində-Avropa, Şimali Amerika, Türkiyə ərazisi, bəzi ada və dəniz zonalarında baş verən silahlı hücumlara şamil edilir. Sözügedən maddə NATO tarixində yalnız bir dəfə-məşhur 11 sentyabr 2001-ci il terror aktlarından sonra ABŞ-a dəstək üçün rəsmi olaraq tətbiq edilib”.
Etibar Seyidağa,
Musavat.com






