Ukrayna xalqı hər nə qədər ağır durumda olsa da, Rusiya ilə müharibənin davam etməsini istəyir. Hətta ordunun Donbasdan çıxarılmasının birmənalı şəkildə əleyhinədir.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğu bir sıra gerçəklikləri üzə çıxarıb. Sorğu nəticələrindən məlum olur ki, ukraynalıların 72%-i müharibənin hazırkı cəbhə xətti üzrə dondurulmasını və Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdə tutan sülh planı ilə razılaşmağa hazırdır. Amma işğal olunmuş ərazilərin rəsmi şəkildə Rusiya ərazisi kimi tanınması olmadan.
Respondentlərin 14%-i isə bu cür planı da rədd edir. Sorğu göstərib ki, ukraynalıların 63%-i müharibəyə lazım olduğu qədər dözməyə hazırdır. Daha 15% altı ay və ya bir neçə ay dözməyə hazır olduğunu bildirib, 1% isə təxminən bir il.
Eyni zamanda, sorğuda iştirak edənlərin yalnız 9%-i Rusiya tərəfindən həyata keçirilən işğalın 2026-cı ilin əvvəlinə qədər başa çatacağını gözləyir. 14% bunun gələn ilin birinci yarısında baş verəcəyini düşünür. 32% isə 2027-ci ildə və ya daha sonra olacağını deyir.
Prezident Volodimir Zelenskiyə respondentlərin 61%-i etibar edir.
Oktyabrın əvvəlində - Ukraynada baş verən böyük korrupsiya qalmaqalından əvvəl - etimad reytinqi demək olar ki, eyni idi - müvafiq olaraq 60% və 35%.
Mümkün prezident seçkiləri ilə bağlı suala cavab olaraq, respondentlərin 57%-i seçkilərin yalnız müharibə tam başa çatdıqdan sonra keçirilə biləcəyini bildirib. 25% isə atəşkəsin əldə olunması və təhlükəsizlik zəmanətlərinin verilməsi halında seçkilərin keçirilməsinin mümkün olduğunu düşünür.

Kiyevdə yaşayan azərbaycanlı Ceyhun Kəsəmənli Musavat.com-a son durumdan danışıb:
“Sorğudan çıxan nəticələrə baxsaq, görərik ki, ukraynalılar müharibəyə fasilə verilməsi ilə təslim olma arasında aydın bir fərq nümayiş etdirirlər. Sorğu iştirakçılarının 72%-i mövcud olan cəbhə xəttində müharibənin dondurulmasına razılıq verməklə yanaşı, işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımaqdan imtina edirlər. Bu da öz növbəsində vaxt qazanmaq, dövləti qorumaq və ordunu qorumaq istəyini əks etdirir.
Bu, strateji gözləmə mövqeyidir, bu, ukraynalıların işğalla barışmayacağının göstəricisidir. Eyni zamanda, Ukrayna silahlı qüvvələrinin Donbasdan çıxarılmasına etiraz və əhalinin 63%-nin müharibəni lazım olduğu qədər davam etdirməyə hazır olması da onu göstərir ki, cəmiyyət suverenliyi sarsıdan və ya yeni işğal üçün şərait yaradan qərarlarla barışmaq istəmir.
Ukraynalıların əksəriyyəti üçün əsas məsələ sülhün ləyaqətli və davamlı olmağıdır. Seçkilərə münasibət məsələsi də vacibdir və anlaşılandır. Müharibə dövründə seçkidən imtina etmək demokratiyadan geri çəkilmək deyil, xarici təzyiq altında daxili bölünmə riskindən qaçma istəyidir.
Bu məlumatlar göstərir ki, Ukrayna cəmiyyəti kompromisə hazırdır, lakin təslim olmağa yox. Bu, bütün beynəlxalq vasitəçilərin nəzərə almalı olduğu əsas amildir”.
Cavanşir ABBASLI
Musavat.com






