ABŞ Nümayəndələr Palatasının üzvlərinin əksəriyyəti Konqresin razılığı olmadan Amerika Silahlı Qüvvələrinin Venesuelaya qarşı və ya Venesuela daxilində döyüş əməliyyatlarında iştirakının məhdudlaşdırılmasını nəzərdə tutan qətnamənin qəbulunun əleyhinə səs verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Qətnaməni 211 konqresmen dəstəkləyib, 213 qanunverici isə ona qarşı çıxıb.
Sənədin mətninə görə, ABŞ prezidenti Konqresin müvafiq icazəsi olmadan silahlı qüvvələrin Venesuela daxilində və ya Venesuelaya qarşı hərbi əməliyyatlarda istifadəsinin qarşısını almalıdır.
Qətnamə “uyğunlaşdırılmış qətnamə” (concurrent resolution) kimi təqdim olunub. Bu cür sənədlər Konqresin hər iki palatasında ayrıca qəbul edilir, hüquqi qüvvəyə malik olmur və tövsiyə xarakteri daşıyır. Beləliklə, qanunvericilər müəyyən məsələ ilə bağlı siyasi mövqelərini ifadə edir, icraedici hakimiyyət isə bu tip sənədləri nəzərə almaya bilər.
ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti prezidentə deyil, Konqresə məxsusdur. Lakin son onilliklərdə Amerika administrasiyalarının rəhbərləri Konqres tərəfindən verilən xarici hərbi gücdən istifadə icazələrini olduqca geniş şərh ediblər və bu icazələrdən prinsipial olaraq yeni və genişmiqyaslı hərbi əməliyyatların başlanması üçün də istifadə olunub.
Musavat.com






