Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xarici işlər naziri Şaya Möhsün əl-Zindanini yeni baş nazir təyin edib.
Musavat.com xəbər verir ki, məlumatı Yəmənin xəbər agentliyi yayıb.
Bildirilir ki, Şaya Möhsün əl-Zindaniyə yeni hökumət qurmaq tapşırığı verilib.
Sənədə əsasən, hazırkı kabinet yeni hökumət qurulana qədər fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, dünən Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Salem Saleh bin Breik tərəfindən təqdim edilən kabinetin istefasını qəbul edib. Bəyanatda qeyd olunur ki, qərar "ölkədəki son dəyişikliklərə uyğun olaraq yeni hökumətin qurulması üçün yol açmaq" məqsədilə verilib. Başqa bir fərmanla əl-Əlimi onu özünə maliyyə və iqtisadi məsələlər üzrə müşavir təyin edib.
Yəməndə hökumət dəyişikliyindən əvvəl ölkənin cənub və şərq bölgələrində gərginliyin artması baş verib. 2025-ci ilin dekabr ayının əvvəlində BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının (STC) qüvvələri Hadramaut və Mahra əyalətləri üzərində nəzarəti ələ keçirib. Buna cavab olaraq Yəmən hakimiyyəti BƏƏ ilə birgə müdafiə müqaviləsini ləğv edib və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəyib. Yanvar ayında danışıqlar üçün Ər-Riyada gələn bəzi STC rəhbərliyi təşkilatın ləğvini elan edib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın BƏƏ-yə qaçdığını iddia etdiyi separatçı lider Aydarus əl-Zubeydinin tərəfdarları şuranın ləğvi qərarını rədd ediblər. 11 yanvarda Yəmən hakimiyyəti hökumət qüvvələrinin müvəqqəti paytaxt Ədən də daxil olmaqla cənub və şərq əyalətləri üzərində nəzarəti bərpa etdiyini açıqlayıb.
Musavat.com






