Musavat.com xəbər verir ki, Erməni Apostol Kilsəsinin “Rusiya və Yeni-Naxçıvan” Yeparxiyasının rəhbəri, arxiyepiskop Ezras Nersisyanın SSRİ dövründə KQB ilə əməkdaşlıq etdiyi barədə yayılan faktlar regionda ciddi siyasi rezonans doğurub.
Uzun illər “mühüm dövlət sirri” pərdəsi altında gizlədilən bu məlumatların üzə çıxması Moskvanın Ermənistan üzərində qurduğu təsir mexanizmlərini açıq şəkildə hədəfə gətirib və Kremlin regiondakı mövqelərini sarsıdan yeni mərhələnin başlandığını göstərib.
Məsələ ilə bağlı diqqətçəkən məqamlardan biri də Kremlin faktı təkzib etməkdə aciz qalmasıdır. Rusiya dövlətinə yaxın media resursları, xüsusilə Kremlin təbliğat ruporu kimi tanınan "Sputnik Ermənistan", mövzunu şərh edərkən faktın özünü deyil, onun ictimailəşdirilməsini hədəfə alıb. Media ritorikası faktiki olaraq “bəli, bu məlumatlar mövcuddur, lakin niyə indi açıqlanır?” xətti üzərində qurulub. Analitiklərin fikrincə, bu yanaşma Moskvanın agentura keçmişini inkar edə bilmədiyini, yalnız onun üzə çıxarılmasından narahat olduğunu açıq şəkildə nümayiş etdirir.

Bu yanaşma bir daha sübut edir ki, “dövlət sirri” anlayışı illər boyu Rusiyanın xarici ölkələrdə, xüsusilə də Ermənistanda qurduğu agentura şəbəkəsini qorumaq üçün istifadə olunub. Kilsə isə bu sistemdə təkcə dini institut deyil, həm də ideoloji və siyasi təsir aləti kimi çıxış edib.
İrəvanda Rusiya agentura şəbəkəsi ardıcıl şəkildə ifşa olunur
Son aylarda Ermənistanda baş verən proseslər təsadüfi xarakter daşımır. Rusiya ilə əlaqəli fiqurlar – siyasət, biznes və kilsə xətti üzrə – bir-bir ifşa edilir və neytrallaşdırılır. Bu proses nəticəsində Kremlin İrəvandakı dayaqları sürətlə zəifləyir, Moskvanın təsir imkanları daralır və Rusiya mediasında açıq qəzəb, isterik ritorika müşahidə olunur.

Ekspertlər hesab edirlər ki, bu, Rusiyanın Ermənistanda onilliklər ərzində formalaşdırdığı “kölgə idarəetmə” modelinin dağılması deməkdir. Kilsə xətti ilə qurulan təsir mexanizmlərinin ifşası isə bu modelə vurulan ən ağır zərbələrdən biri kimi qiymətləndirilir.
Serj Sarkisyanın etirafı: “KQB-yə işləməyin nəyi pisdir?”
Qalmaqal fonunda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın reaksiyası da diqqətdən yayınmayıb. O, məsələni şərh edərkən açıq şəkildə “KQB-yə işləməyin nəyi pisdir ki?” ifadəsini işlədib. Bu açıqlama Ermənistanın uzun illər Moskvanın təhlükəsizlik və siyasi orbitində saxlanıldığının faktiki etirafı kimi qiymətləndirilir.

Analitiklərə görə, bu cümlə Kremlin yerli elita üzərində qurduğu asılılıq modelini və bu modelin Ermənistan dövlətçiliyinə necə sirayət etdiyini açıq şəkildə ortaya qoyur. Başqa sözlə, KQB ilə əməkdaşlıq Ermənistanın müəyyən siyasi dairələri üçün normallaşdırılmış praktikaya çevrilib.
Paşinyan Kremlin “qırxayağının” ayaqlarını kəsir
Hazırkı siyasi mənzərəni ümumiləşdirən əsas xətt ondan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə daxilində Kremlin çoxşaxəli təsir mexanizmlərini ardıcıl şəkildə sıradan çıxarmağa çalışır. Bu prosesə Rusiyaya bağlı oliqarxik şəbəkələrin dağıdılması, hərbi-siyasi fiqurların təsir imkanlarının zəiflədilməsi və ən əsası, Moskvanın ideoloji dayağı sayılan kilsə institutunun ifşası daxildir.

Ezras Nersisyan qalmaqalı da bu kontekstdə təsadüfi deyil. Bu hadisə təkcə bir keşişin keçmişi ilə bağlı məsələ yox, Rusiyanın Ermənistan üzərində onilliklər boyu qurduğu agentura sisteminin çökməsinin simvolu kimi dəyərləndirilir.
“Yeni-Naxçıvan” yeparxiyası nədir və Naxçıvanla hansı əlaqəsi var?
Müzakirələrin mühüm hissəsi də “Yeni-Naxçıvan” anlayışı ilə bağlıdır. “Rusiya və Yeni-Naxçıvan Yeparxiyası” Erməni Apostol Kilsəsinin Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən əsas dini-inzibati qurumlarından biridir. Adındakı “Yeni-Naxçıvan” ifadəsi XVIII əsrdə Don çayı sahilində erməni köçkünləri tərəfindən salınmış "Nor Nakhichevan" (Yeni Naxçıvan) adlı yaşayış məntəqəsindən qaynaqlanır.
Bu toponimin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə heç bir coğrafi və hüquqi əlaqəsi yoxdur. Buna baxmayaraq, erməni kilsə terminologiyasında bu adın saxlanılması tarixən simvolik və ideoloji məqsədlər daşıyıb. Yeparxiya əsasən Rusiyadakı erməni icmalarına dini xidmət göstərir və uzun illər Moskvanın təsir aləti kimi fəaliyyət göstərib.
Ezras Nersisyanın KQB agenti kimi ifşası Kremlin bu təsir mexanizmini artıq gizlədə bilmədiyini göstərir. Moskva faktı inkar etmir, yalnız onun səsləndirilməsindən narahatdır. Lakin proses artıq başlayıb və görünən odur ki, Rusiyanın İrəvandakı kölgə imperiyası sürətlə dağılır.
Musavat.com






