Moskva hələ də Ukraynanı tam işğal etmək məqsədindən əl çəkməyib.
Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Bu müharibəni elə bitirməliyik ki, bir ildən sonra Rusiya yenidən üçüncü dəfə hücuma gəlməsin. Bu imkan var, çünki onlar dövlətimizi işğal etmək məqsədinə çatmayıblar. Mən onların hədəflərinin dəyişdiyinə əmin deyiləm”, - o deyib.
Zelenski ABŞ-a təhlükəsizlik zəmanəti verməyə hazır olduqları üçün təşəkkür edib, lakin bildirib ki, Kiyev bu təminatların konkret mahiyyətini dəqiq anlamaq istəyir.
Ukrayna lideri həmçinin Dmitri Qordonun proqramında ABŞ nümayəndə heyətinin Moskvadakı danışıqlarına münasibət bildirib və kritik detalları açıqlayıb.
Zelenskinin sözlərinə görə, ABŞ nümayəndə heyəti Moskva danışıqları yekunlaşan kimi Ukrayna tərəfi ilə əlaqə saxlayacaq və nəticələr barədə tam informasiya təqdim edəcək.
O həmçinin vurğulayıb ki, ABŞ-la yeni görüş mümkündür:
“Əgər ABŞ-ın Rusiyadakı danışıqları uğurlu olsa, biz Trampla çox tez bir zamanda görüşəcəyik”, - deyə o bildirib.
Zelenski açıqlayıb ki, ABŞ-la birgə işlənən “sülh planı” üzərində iş artıq konkret mərhələyə keçib.
Musavat.com






