Ekspertlər deyir ki, rəsmi Tiflis buna razılıq verməz, verərsə...
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Direktorlar Şurası ötən həftəsonu “Tramp yolu” da daxil olmaqla, ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional əlaqəni dəstəkləməyi hədəfləyən yeni strateji investisiyaları təsdiqləyib. “Yeni Müsavat”ın məlumatına görə, TRIPP İnkişaf Şirkətinin yaradılması da daxil olmaqla, infrastruktur, enerji və təchizat zənciri təhlükəsizliyi üçün 2,5 milyard dollarlıq yeni strateji investisiya paketini rəsmiləşdirib.
ABŞ-Ermənistan birgə müəssisəsi olan TRIPP İnkişaf Şirkətinin yaradılması ticarət, nəqliyyat və iqtisadi inkişafı təşviq etməklə yanaşı, beynəlxalq, dövlətlərarası və daxili nəqliyyat infrastrukturunu da təkmilləşdirəcək. ABŞ rəsmilərinin İrəvanda və Bakıda “Tramp yolu” haqqında müzakirələr apardığı bir vaxtda “Putin yolu” adlandırılan dəmir yolunun açılması məsələsi yenidən aktuallaşıb. Robert Köçəryan seçki mitinqlərinin birində Abxaziya vasitəsilə dəmir yolunun açılmasının vacibliyi haqda danışıb. O bildirib ki, bu layihə siyasi kontekstdən çıxarılmalı və ilk növbədə iqtisadi və strateji fürsət kimi qəbul edilməlidir. Köçəryan deyib ki, prezident olduğu dövrdə bu məsələni reallaşdırmağa çalışıb, ovaxtkı Gürcüstan rəhbəri Eduard Şevardnadze ilə danışıqlar aparıb, amma Saakaşvilinin hakimiyyətə gəlməsi prosesi dayandırıb.
Köçəryan deyib ki, təklifin mənası aydındır. Abxaziyadan keçən dəmir yolu Ermənistana Rusiya bazarına daha qısa yol - təxminən 700 kilometr daha qısa yol verəcək.
Yeri gəlmişkən, Rusiya baş nazirinin müavini Aleksey Overçuk da bildirib ki, Moskva Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı əsaslı danışıqlara başlamaq qərarına gəlib ki, bu da onların Yerasx (Arazdəyən-red.) kəndi yaxınlığındakı Azərbaycan dəmir yolları ilə, eləcə də Axuryan kəndi yaxınlığındakı Türkiyə Respublikasının dəmir yolları ilə əlaqəsini təmin edəcək. Lakin Gürcüstan bu mövzuda Rusiya ilə danışıqlar apardığını inkar edib. Rəsmi Tiflis Abxaziya vasitəsilə dəmir yolu xidmətinin bərpası ilə bağlı heç bir müzakirə aparmadığını bildirib.
Abxaziya vasitəsilə dəmir yolunun bərpası barədə Moskva ilə danışıqların aparılmamasını Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də təsdiqləyib. Onun sözlərinə görə, həm dəmir yolu bağlantısı, həm də münasibətlərin bərpası ilə bağlı müzakirələr yalnız Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə mümkündür.
Xatırladaq ki, Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin fevral ayında Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolu (CQD) ilə 30 il müddətinə, daha 10 il uzatmaq hüququ ilə güzəşt idarəetmə müqaviləsinə köçürülüb. Bu yaxınlara qədər bu, Ermənistanda irimiqyaslı tranzit layihələrinin Rusiyanın iştirakı olmadan həyata keçirilməyəcəyinə zəmanət kimi qəbul edilirdi. Lakin vəziyyət 2025-ci ilin avqust ayında Rusiyanın iştirakı olmadan həyata keçirilməsi planlaşdırılan Zəngəzurdan keçən TRIPP - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (“Tramp yolu”) yaradılması barədə sazişin imzalanmasından sonra dəyişdi.
Elə həmin andan etibarən Moskva Cənubi Qafqazda sülh prosesində və kommunikasiyaların açılmasında tamamilə kənarda qalmamaq üçün öz “marşrutlarını” axtarmağa başladı. Xüsusilə Aleksey Overçuk Azərbaycan və Türkiyə arasında Ermənistan vasitəsilə tranzitin təşkili ideyasını fəal şəkildə təbliğ edir. Yəni faktiki Zəngəzurdan keçən “Tramp yolu”na alternativ olaraq “Putin yolu”nu təklif edir.
Bu mövzu ilə bağlı ekspertlərimizin maraqlı təhlilləri var.

Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bir sıra məqamlara diqqət çəkdi: “Belə bir məsəl var ki, yol heç vaxt artıq olmur. Ona görə də əlbəttə, Azərbaycan Ermənistanla əvvəllər mövcud olmuş hər iki dəmir yolunun bərpasında və maneəsiz fəaliyyətində maraqlıdır. Amma unudulmamalıdır ki, bizim üçün burada digər yol məhz Zəngəzur dəhlizi varsa, var, yoxdursa, yoxdur. Yəni əslində Zəngəzur dəhlizinin açılması iki ölkə arasında sülhün olub-olmayacağı baxımından onların konstitusiyalarına gözlənilən dəyişikliyi etmələri qədər, hətta ondan da önəmlidir”. S.Alıyev əlavə etdi ki, digər yol yenidən işləyə də bilər, işləməyə də: “Bu, Ermənistanın öz öhdəsinə buraxılmış məsələdir. Ermənistanın öz yüklərini Abxaziyadan keçməklə, Rusiyaya daşıyıb-daşımayacağına gəldikdə, Gürcüstanda hakimiyyətdə kim olur-olsun, neçə torpaqları işğal altındadır- rəsmi Tiflisin buna razılıq verəcəyini düşünmürəm”.

Politoloq Elxan Şahinoğlunun da məsələyə yanaşması maraqlıdır: “Ermənistanda parlament seçkiləri arxada qaldığından və Nikol Paşinyan qələbə qazandıqdan sonra düşünürəm ki, Tramp yolunun inşası başlanacaq və bu proses sürətlənəcək. Rusiya, əlbəttə, yenə də müəyyən əngəllər yaratmağa çalışacaq, müxtəlif açıqlamalar verəcək və alternativ variantlar təklif etmək istəyəcək. Amma reallıq budur ki, Amerika Tramp yolu layihəsini dəstəkləyir, maliyyə ayrılıb və bu layihə yaxın müddətdə tikilib başa çatmalıdır. Rusiyanın təklif etdiyi Abxaziya, Gürcüstan və Ermənistan dəmir yolu layihəsi isə az qala 30 ildir müzakirə olunur. Amma bunun reallaşması mümkün deyil. Çünki Abxaziya Rusiyanın işğalı altındadır. Gürcüstan Abxaziyanın ”müstəqilliyi"ni, separatçı bölgəni tanımır. Bu halda necə ola bilər ki, Gürcüstan hökuməti Abxaziyadan dəmir yolunun çəkilməsinə razılıq versin? O zaman belə çıxacaq ki, Gürcüstan hökuməti separatçı bölgəni tanımış olur".
E.Şahinoğlunun sözlərinə görə, əgər Rusiya Gürcüstanı parçalamamış olsaydı, Abxaziya Gürcüstanın tərkib hissəsi olaraq qalsaydı, bəli, Moskvanın istədiyi bu layihə çox rahatlıqla həyata keçirilərdi: “Bu, hamının da xeyrinə olardı ki, Rusiya üzərindən Gürcüstanla dəmir yolu Ermənistana uzansın. Amma Rusiyanın yürütdüyü siyasət, illər boyu müxtəlif ölkələrdə separatçılara verdiyi dəstək ucbatından bu layihənin reallaşması praktik olaraq mümkün deyil. Arada bir ortaya atırlar, ola bilsin Gürcüstan hökumətinin nəbzini yoxlayırlar. Amma Gürcüstan hökumətinin Qərblə münasibətlərində müəyyən problemlər olsa da, Abxaziya variantına "hə" deməyəcək. Ona görə yeganə çıxış yolu Tramp yolunun inşasını sürətləndirməkdir. Üstəlik, Ermənistan hökumətinin Rusiyaya başqa bir müraciəti də var ki, gəlsin, Ermənistanda dəmir yollarını bərpa etsin. Çünki əvvəlki Ermənistan hakimiyyətləri nə varsa, Rusiyaya satıblar, o cümlədən dəmir yollarını... Paşinyan da Rusiyadan tələb edir ki, gəlsin, dəmir yollarını bərpa etsin, Gürcüstana, Azərbaycana, Türkiyəyə gedən xətləri yenidən qursun".
Politoloq qeyd etdi ki, Kreml bunda maraqlı deyil: “Rusiya fikirləşir ki, niyə Ermənistanın işini rahatlaşdırım ki, qonşu ölkələrlə dəmir yolu rabitəsi yaransın? Ona görə də Rusiya bu işə maraq olmayandan sonra Paşinyanın yaxın müddətdə hər vasitə ilə Ermənistan dəmir yollarını Rusiyanın dəmir yollarının nəzarətindən çıxarmağa çalışacağını və hansısa üçüncü ölkələrin köməyi ilə qonşu ölkələrə gedən dəmir yollarını bərpa etməyə çalışacağını düşünürəm”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”






