Ermənistanın Zəngəzur bölgəsində, “Qara göl” ətrafında yaranmış vəziyyət İrəvan üçün ciddi siyasi və hərbi dilemma yaradıb.
Musavat.com xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında bölgədəki real durumu açıq şəkildə etiraf edib.
Nazirin sözlərinə görə, mövcud vəziyyət 2021-ci ilin mayında Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsindən sonra formalaşıb. Hazırda Ermənistan ordusunun həmin istiqamətdə faktiki olaraq iki alternativi mövcuddur.
Birinci variant – mövqeni tamamilə tərk etməkdir. İkinci variant isə hər dəfə əraziyə daxil olub-çıxarkən Azərbaycan tərəfinin qurduğu blok-postdan keçmək məcburiyyətində qalmaqdır. Papikyan bildirib ki, hər iki seçim Ermənistan cəmiyyətində ciddi narazılıq doğurur və hakimiyyət üçün ağır siyasi məsuliyyət yaradır.
Nazir Ermənistan hərbi-sənaye komitəsinin sabiq rəhbəri Avetik Çalabyan tərəfindən səsləndirilən “erməni hərbçilərinin azərbaycanlılar tərəfindən axtarışdan keçirilməsi” iddialarını da təkzib edib və bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Papikyanın ən diqqətçəkən etirafı isə belə olub: “Əgər bu mövqeni tərk etsək, siz məni Vətənin bir hissəsini təslim etməkdə ittiham edəcəksiniz”.
Bu açıqlama bir daha göstərir ki, Ermənistan hakimiyyəti Zəngəzur istiqamətində yaranmış faktiki reallıqla barışmaq məcburiyyətində qalıb. Mövcud durum İrəvanın həm hərbi, həm də siyasi baxımdan çıxılmaz vəziyyətə sürükləndiyini açıq şəkildə ortaya qoyur.
Musavat.com






