Seneqal millisində 10 il çalışmış komanda həkimi ilə bağlı iddialar ölkədə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Seneqal Futbol Federasiyasının prezidenti yığmanın ştat həkiminin 10 il ərzində idmançılarla işləmək üçün tələb olunan ixtisasa malik olmadığını, onun əsas ixtisasının ginekologiya olduğunu bildirib.
Onun sözlərinə görə, futbolçular həkimin tətbiq etdiyi müalicə üsullarına şübhə ilə yanaşıb və göstərilən tibbi yardıma tam etibar etməyiblər.
Çempionat zamanı federasiya tibbi heyəti gücləndirmək məqsədilə əlavə idman həkimi də cəlb edib.
Bununla belə, Seneqal İdman Təbabəti Assosiasiyası səsləndirilən ittihamları böhtan adlandırıb. Assosiasiya bildirib ki, sözügedən həkim ginekologiya üzrə ixtisaslaşmaqla yanaşı, idman təbabəti üzrə də diplom sahibidir.
Seneqal millisi turnirin 1/16 final mərhələsində Belçikaya əlavə vaxtda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Komanda görüşün 86-cı dəqiqəsinədək 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Turnirdən kənarlaşdıqdan sonra federasiya baş məşqçini vəzifəsindən azad edib.
Musavat.com






