Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan vətəndaşın ailəsi qəza törədən sürücünün qohumlarından narazıdır. Söhbət yanvarın 2-də Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən aptekin qarşısında baş verən hadisədən gedir.
Musavat.com-a danışan Həcər Mircəfərovanın sözlərinə görə, onun yaxın qohumu və qonşusu İradə İsmayılova tanımadığı avtomobil sürücüsü tərəfindən vurulub.
Sürücü hadisə yerindən qaçıb. Nəticədə İradə İsmayılovanın sol körpücük sümüyü sınıb.
Şikayətçinin bildirdiyinə görə, hadisə ilə bağlı dərhal 102 xidmətinə məlumat verilib, polis əməkdaşları əraziyə baxış keçirib və təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb. Nəticədə sürücünün şəxsiyyəti və avtomobili müəyyən edilib. Hətta avtomobilin başqa bir şəxsin adına rəsmiləşdirildiyi də məlum olub.
Yanvarın 3-də İradə İsmayılova “Məlhəm Hospital”da körpücük sümüyü ilə bağlı cərrahi əməliyyat olunub. Əməliyyat və müalicə xərcləri üçün 3000 manatdan artıq vəsait ödənilib.
Həcər Mircəfərova bildirir ki, hazırda iş Nizami Rayon Polis İdarəsində araşdırılır. Lakin sürücünün adı və avtomobilin nömrəsi barədə ailəyə rəsmi məlumat verilməyib:
“Bizə deyilir ki, sürücü və maşın artıq müəyyən edilib”.

Şikayətçi iddia edir ki, hadisədən sonra özünü şəhid kapitan Əsəd Həsənovun bacısı kimi təqdim edən Günay Həsənova adlı şəxs sürücünün qohumu olduğunu bildirərək ailəyə təzyiq göstərib:
“Bizə dedilər ki, 1000 manat təklif olunur, əgər bunu qəbul etməsək, 20 min manat verib məhkəmədə sürücüyə bəraət aldıracaqlar. Açıq-aşkar hədələndik. Bildirdi ki, dövlət qurumunda işləyir, hər yerə çıxışı var. Sonradan araşdırdıq ki, sürücünün qohumu deyil, bu cür işlərlə məşğul olur”.
Həcər Mircəfərovanın sözlərinə əsasən, şəhid bacısı ailəyə təzyiq göstərir ki, şikayət ərizəsi geri götürülsün:
“Nizami Rayon Polis İdarəsinin rəis müavini Seymur Qarayevin, tədqiqatçıların kuratoru Fərid müəllimin qəbulunda olmuşam. Əlimizdə əməliyyatın epikrizi, çeklər, məhkəmə-tibbi ekspertizanın rəyi var”.
Bildirilir ki, İradə İsmayılovanın vəziyyəti hazırda da ağır olaraq qalır. Yanvarın 6-da səhər saat 05:00 radələrində onda nəfəs darlığı yaranıb və Sabunçu Tibb Mərkəzində aparılan ilkin müayinələr zamanı ağciyərlərində ləkələrin olduğu bildirilib. Bu da yol-nəqliyyat hadisəsi nəticəsində daxili orqanlara ciddi zərər dəydiyini göstərir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Musavat.com qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.



Şahanə Rəhimli
Musavat.com






