"Ötən il olduğu kimi, bu il də Flora xanımın doğum gününü ailə üzvləri ilə birlikdə evdə qeyd edəcəyik. onun hazırkı səhhəti geniş tədbir keçirməyə imkan vermir".
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.
Onun sözlərinə görə, sənətkarın 85 illik yubileyi münasibətilə dövlət səviyyəsində hər hansı tədbirin keçirilməsi nəzərdə tutulmur.
"Flora xanım hazırda səhhətinin qeydinə qalır. Doğum gününü qeyd etməyə həvəsi yoxdur. Hazırda bağ evində dincəlir, qızı və nəvəsi yanındadır. Bizim üçün ən vacib məsələ onun səhhətidir", – deyə Y.İmanova bildirib.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Sənətkar iyulun 23-də 85 yaşını qeyd edəcək.
Xatırladaq ki, Flora Kərimova bir müddət əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Müğənninin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətinə götürülüb.
Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda keçirilməsi planlaşdırılan konserti də sentyabr ayına təxirə salınıb.
Şahanə Rəhimli
Musavat.com






