İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ kəşfiyyatının məxfi sənədlərini niyə indi açıqladı: Rusiya və Çinin qorxunc BÖYÜK PLANI “siyasi fırtına” qopardı

1116 21.07.2026 17:38 Analitika A A

Prezident Donald Trampın törətdiyi son “siyasi fırtına”nın nəticələrinin yalnız ABŞ-də seçki islahatları ilə bağlı müzakirələri yenidən alovlandırmaqla, məhdudlaşmayacağı qətiyyən şübhə doğurmur... Çünki bu, həm də, Ağ Evin Çin və Rusiya ilə geopolitik qarşıdurmasının artıq yeni mərhələyə keçmək üzrə olduğunu göstərən qlobal səviyyəli kəskin “siyasi hücum” təsiri də bağışlayır...

Ağ Ev sahibi Donald Trampın yeni "seçki bombası" ABŞ-da “siyasi fırtına” yaratmağa başlayıb. Bu “siyasi fırtına”nın yaxın vaxtlarda ABŞ-Çin qarşıdurmasını daha da təhlükəli mərhələyə keçirə biləcəyi qətiyyən istisna deyil. Hələlik isə ABŞ-da prezident seçkiləri ətrafında mübahisələr yenidən bu nəhəng ölkənin siyasi gündəminin əsas mövzusuna çevrilməkdədir. Belə ki, prezident Donald Trampın yeni ittihamları yalnız ABŞ daxilində deyil, həm də beynəlxalq müstəvidə geniş rezonans doğurub. Ağ Ev sahibi Çinin ABŞ-ın seçki sisteminə uzun illər ərzində planlı şəkildə müdaxilə etməyə çalışdığını təsdiqləyən kəşfiyyat materiallarını məxfilikdən çıxardığını açıqlayıb. Və bununla yanaşı, prezident Donald Tramp Rusiya, İran və Şimali Koreyanı da ABŞ-nin seçki təhlükəsizliyi üçün əsas xarici təhdidlər sırasında göstərib.

Bütün bunlar həm də onu göstərir ki, ABŞ-da seçki təhlükəsizliyi artıq yalnız ölkədaxili siyasi mübarizə faktoru deyil. Əksinə, bu məsələ indi ABŞ-nin milli təhlükəsizlik strategiyasının önəmli istiqamətlərindən birinə çevrilir və dünyanın aparıcı gücləri arasında geopolitik rəqabətin “yeni cəbhə xətti”ni də formalaşdırır. Çünki Ağ Ev sahibi Donald Trampın iddiasına görə, məxfilikdən çıxarılan kəşfiyyat sənədləri Çinin ABŞ-da təxminən 220 milyon seçici barədə geniş məlumat bazası topladığını təsdiqləyir. Onun fikrincə, belə geniş həcmdə informasiya bazası yalnız statistik analiz məqsədi daşımır və seçki prosesinə müxtəlif üsullarla təsir göstərmək imkanları yarada bilər.

d016ae52-4233-422b-a445-5fdee09b3b37.jpg (186 KB) 

Onu da qeud etmək lazımdır ki, prezident Donald Tramp həm də ABŞ kəşfiyyat qurumlarının bəzi nümayəndələrini bu barədə mövcud məlumatları uzun müddət ictimaiyyətdən gizlətməkdə günahlandırıb. Ağ Ev sahibinin fikrincə, məhz bu səbəbdən də amerikalıların seçki sisteminə olan etimadı son illərdə ciddi şəkildə zədələnib. Üstəlik, prezident Donald Tramp onu da vurğulayıb ki, etibarlı və şəffaf seçkilər hər hansı siyasi partiyanın deyil, bütövlükdə ABŞ dövlətçiliyinin əsas dayaqlarından biridir.

Maraqlıdır ki, Ağ Ev sahibinin istinad etdiyi hesabatda Çinin hələ 2008-ci ildən üzü bəri ABŞ-də seçicilər, siyasi partiyalar, namizədlər, ictimai rəy və yüksək vəzifəli şəxslər barədə sistemli məlumatlar toplamağa başladığı iddia olunur. Açıqlanan hesabata görə, rəsmi Pekin bu məqsədlə xüsusi məlumat emalı strukturu yaradıb və həmin struktur uzun illər ərzində ABŞ-ın siyasi proseslərini izləyərək, geniş informasiya bazası formalaşdırmağa nail olub. Ona görə də, prezident Donald Tramp təmsil etdiyi Respublikaçılar Partiyasını “SAVE America Act” qanun layihəsini ən qısa zamanda qəbul etdirməyə çağırıb. Ağ Ev sahibi hesab edir ki, bu qanun layihəsinin təklif etdiyi yeni mexanizmlər ABŞ-ın seçki sisteminin etibarlılığını gücləndirəcək və mümkün saxtakarlıq risklərini isə minimuma endirəcək.

e090c6e6-6a57-4c4b-b98a-d4733812b71e.jpg (226 KB) 

Ancaq ABŞ prezidenti Donald Trampın ittihamları beynəlxalq səviyyədə dərhal kəskin etirazla qarşılanıb. Vaşinqtondakı Çin səfirliyinin nümayəndəsi Liu Çan “Reuters” agentliyinə açıqlamasında rəsmi Pekinin heç vaxt ABŞ-da prezident seçkilərinə müdaxilə etmədiyini və gələcəkdə də belə bir siyasət yürütməyəcəyini bildirib. O, vurğulayıb ki, rəsmi Pekin Ağ Ev sahibinin bu cür ittihamlarını sadəcə, siyasi motivli yanaşma tərzi kimi qiymətləndirir. Kremlin mətbuat katibi Dmitri Peskov isə Rusiyanın başqa dövlətlərin daxili işlərinə müdaxilə etmədiyini bəyan edərək, ABŞ-ı da eyni prinsipə əməl etməyə çağırıb. O, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı illərdir ki, vaxtaşırı gündəmə gətirilən ittihamların indiyədək hüquqi baxımdan, sübuta yetirilmədiyini vurğulayıb.

Bütün bunlarla yanaşı, prezident Donald Trampın açıqladığı materiallar, eləcə də, irəli sürdüyü iddialar hələlik amerikalı müstəqil ekspertlər və məhkəmə instansiyaları tərəfindən tam təsdiqlənmiş faktlar kimi də qiymətləndirilmir. Eyni zamanda, həm Çin, həm də Rusiya bütün ittihamları qətiyyətlə rədd edərək, bu məsələyə münasibətdə tamamilə fərqli yanaşma tərzinin nümayişi ilə diqqəti çəkir. Və məhz bu səbəblərdən də hazırkı mərhələdə prezident Donald Trampın yeni “seçki bombası” daha çox ABŞ-ın öz qlobal rəqibləri ilə qarşılıqlı siyasi-diplomatik ittiham kampaniyası kimi qəbul olunur.

11d417062-6054-43eb-afe7-30374612da36.jpg (155 KB) 

Digər tərəfdən, ABŞ prezidentinin növbəti dəfə yaratmağa çalışdığı bu “siyasi fırtına” geopolitik baxımdan, həm də daha genişmiqyaslı qlobal qarşıdurma ehtimalının ilkin əlaməti olaraq da xarakterizə edilir. Belə ki, son illərdə ABŞ və Çin arasında texnologiya, ticarət, yarımkeçiricilər, süni intellekt, eləcə də kiber təhlükəsizlik sahələrində kəskin rəqabət böyük sürətlə daha da dərinləşirdi. İndi isə Ağ Ev sahibinin ABŞ-ın qlobal rəqiblərinə qarşı yeni ittihamları sayəsində seçki təhlükəsizliyi də artıq bu qarşıdurmanın əsas istiqamətlərindən birinə çevrilməyə başlayıb. Yəni, Ağ Ev xarici dövlətlərin informasiya və kiberməkanda fəaliyyətini ABŞ üçün milli təhlükəsizlik problemi kimi təqdim edir. Çin və Rusiya isə bu Ağ Ev sahibinin bu ittihamlarının ABŞ-da ölkədaxili siyasi mübarizəsinin tərkib hissəsi olduğunu bildirir.

Göründüyü kimi, prezident Donald Trampın son “siyasi fırtına”sının nəticələri yalnız ABŞ-də seçki islahatları ilə bağlı müzakirələri yenidən alovlandırmaqla, məhdudlaşmır. Belə ki, bu, həm də, Ağ Evin Çin və Rusiya ilə geopolitik qarşıdurmasının artıq yeni mərhələyə keçmək üzrə olduğunu göstərən qlobal səviyyəli “siyasi hücum” təsiri də bağışlayır. Ona görə də, qarşıdakı dövrdə Ağ Ev sahibinin məxfilikdən çıxardığı sənədlərin məzmunu, onların hüquqi qiymətləndirilməsi və beynəlxalq reaksiyalar ABŞ-ın ölkədaxili siyasi proseslərinə birbaşa təsir göstərəcəyi qətiyyən şübhə doğurmur. Və digər tərəfdən isə prezident Donald Trampın ABŞ-ın qlobal rəqiblərinə qarşı belə kəskin ittihamları həm də böyük güclər arasındakı ziddiyyətli münasibətlərin gələcək dinamikasını müəyyən edəcək əsas faktorların da sırasına daxil ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR