İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah" üçün hər şey bu gün başlayır - Tarixi uğur cəmi iki oyundan keçir

442 21.07.2026 18:21 İdman A A

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Sabah" bu gün avrokuboklarda növbəti oyununa çıxır.

Musavat.com xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın "KuPS" komandası ilə qarşılaşacaq.

Görüş Bakıda-"Bank Respublika Arena"da keçiriləcək və start fiti saat 20:00-da səslənəcək. Matçı Polşadan olan FİFA referisi Lukaş Kujma idarə edəcək.

Qeyd edək ki, bu cütün qalibi turnirin növbəti mərhələsində Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

d1b8b381-a8e3-4093-992a-f8975fb32a5e.jpeg (121 KB)

Azərbaycan təmsilçisi doğma meydanda sərfəli nəticə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə etməyə çalışacaq.

"Sabah" doğma azarkeşlər önündə "KuPS"u məğlub edə biləcəkmi? Bakı klubu Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək şansları nə qədərdir? "Sabah"ın bu mövsüm Avropadakı çıxışını necə qiymətləndirmək olar?

Bu suallar ətrafında Musavat.com-a danışan futbol mütəxəssisi Kənan Məstəliyev bildirib ki, "Sabah" üçün qarşıdakı iki oyun təkcə növbəti mərhələyə yüksəlmək deyil, həm də klub tarixində yeni səhifə açmaq baxımından böyük əhəmiyyət daşıyır: "KuPS" səddi keçilərsə, 'Sabah' minimum Konfrans Liqasının liqa mərhələsini təmin etmiş olacaq. Bu isə klub tarixində çox mühüm nailiyyət sayılar. Ona görə də bu cütlüyün əhəmiyyəti olduqca böyükdür".

Ekspert rəqib barədə danışarkən Finlandiya təmsilçisinin təcrübəli klub olduğunu, lakin Avropa arenasında böyük uğurlarının məhdud qaldığını vurğulayıb: "KuPS"in 103 illik tarixi var. Səkkiz dəfə Finlandiya çempionu olublar və ölkə futbolunun ən güclü komandalarından biri hesab edilirlər. Bununla belə, avrokuboklarda əsas uğurlarını ötən mövsüm əldə ediblər. Konfrans Liqasının qrup mərhələsində çıxış edərək, pley-offa qədər irəliləmişdilər".

K.Məstəliyev bildirib ki, rəqib hazırda mövsümün içində olduğundan oyun praktikası baxımından üstün vəziyyətdədir: "Hazırda Finlandiya çempionatı davam edir və "KuPS" turnir cədvəlinə liderlik edir. Son altı oyunun hamısını qazanıblar. Fiziki hazırlıq və oyun ritmi baxımından tam hazır komandadırlar. Bu amili mütləq nəzərə almaq lazımdır. Finlandiya təmsilçisi daha çox intizamlı və praqmatik futbol oynamağa üstünlük verir. Komanda əsasən 4-5-1 sistemi ilə çıxış edir. Müdafiədə risk etmirlər, rəqibi daha çox orta zonada qarşılayırlar. Mövqe hücumlarına üstünlük verir, uzun ötürmələrdən istifadə edirlər. Yüksək pressinq tətbiq edən komanda deyillər".

cbea3109-3ae4-4983-988e-13d8287fdc0b.jpeg (63 KB)

Ekspert hesab edir ki, "Sabah" yalnız sürətli futbol yox, həm də fiziki mübarizədə üstün olmalıdır: "Sabah" oyuna yüksək temp və pressinqlə başlamalıdır. Amma bununla yanaşı atletizm də ön plana çıxmalıdır. "KuPS"ın xüsusilə müdafiənin cinahlarında boşluqları var. Təmsilçimiz bundan maksimum yararlanmalıdır. Futbolçuların fərdi keyfiyyəti baxımından üstünlük Azərbaycan çempionunun tərəfindədir. Finlandiya liqasının səviyyəsi Azərbaycan Premyer Liqası ilə müqayisədə daha aşağıdır. "KuPS" yaxşı təşkilatlanmış komandadır, amma futbolçuların fərdi ustalığı baxımından "Sabah"dan geri qalır. Bizim komandada bir epizodla oyunun taleyini həll edə biləcək futbolçular kifayət qədərdir".
Sonda ekspert "Sabah"ın bu cütün favoriti olduğunu desə də, rəqibi kiçiltməyin doğru olmayadığını vurğulayıb: "Sabah" bu qarşıdurmanın favoritidir. Ancaq rəqibə yuxarıdan aşağı baxmaq olmaz. "KuPS" intizamlı, döyüşkən və nə istədiyini bilən komandadır. Bununla yanaşı, "Sabah" daha sürətli, daha texnikalı və keyfiyyətli heyətə malikdir. İlk oyunun Bakıda keçirilməsi də bizim üçün ciddi üstünlükdür. Hesab edirəm ki, düzgün oyun planı ilə "Sabah" sərfəli nəticə qazana bilər".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR