İnsanlara hürriyət, millətlərə istiqlal!

20 kilo narkotik işi üzrə bəraət verildi – 2 vəkil iştirak etmədiyi dindirmənin protokolunu imzalayıb!

449 21.07.2026 13:48 Kriminal A A

Azərbaycana dəniz yolu ilə 20 kiloqramdan artıq narkotik vasitə gətirmək ittihamı ilə bir ildən çox həbsdə saxlanılan üç İran vətəndaşı – Vahid Layeqi, Xalid Yazdani və Tohid Monşinejat barəsində məhkəmə bəraət hökmü çıxarıb.

Musavat.com xəbər verir ki, Gununsesi.info-nun yaydığı məlumata görə, iş üzrə qəbul edilən hökmdə istintaq zamanı yol verilmiş ciddi prosessual pozuntulara diqqət çəkilib.

Bildirilir ki, məhkəmə qərarında dövlət hesabına təyin olunmuş vəkillər Elnaz Səmədova və Günel Məmmədovanın təqsirləndirilən şəxslərə faktiki hüquqi yardım göstərmədiyi, bəzi istintaq hərəkətlərində iştirak etmədiyi halda müvafiq protokolları imzaladıqları qeyd olunub.

Həmçinin iş üzrə toplanmış bəzi sübutların etibarlılığı da şübhə altına alınıb.

Gununsesi.info məsələyə aydınlıq gətirmək üçün vəkillərlə əlaqə saxlayıb.

Elnaz Səmədova məhkəmə hökmündə əks olunan iddiaları qəbul etməsə də, geniş şərh verməkdən imtina edib.

Musavat.com əməkdaşının suallarını cavablandıran vəkil bildirib ki, həmin cinayət işi ilə bağlı mediaya hər hansı açıqlama vermək niyyətində deyil.

“Məhkəmə hökmündə yazılıb ki, istintaq hərəkətlərində iştirak etmədiyiniz halda, protokolları imzalamanız barədə qeydlərlə bağlı nə deyə bilərsiz” – sualına Elnaz Səmədova bunları deyib:

“O sizə görə elədir. Siz o işdə iştirak etməmisiniz, məlumatınız yoxdur. Mən o işlə bağlı məlumat vermirəm”.

Qeyd edək ki, digər vəkil Günel Məmmədova da Gununsesi.info-ya açıqlamasında məhkəmə hökmündə yer alan iddialarla razılaşmadığını bildirib. Onun sözlərinə görə, bu iş üzrə üzərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirib və vicdanı qarşısında rahatdır.

Məlumata görə, Gununsesi.info məsələ ilə bağlı Vəkillər Kollegiyasının da mövqeyini öyrənməyə çalışır.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR