İnsanlara hürriyət, millətlərə istiqlal!

2025-ci illə müqayisədə əsaslı xərclərdə azalma…

969 19.11.2025 16:31 İqtisadiyyat A A

2026-cı ilin icmal, o cümlədən dövlət büdcəsində neft gəlirlərinin əvvəlki dövrlə müqayisədə azalacağı, qeyri-neft gəlirlərinin isə artacağı proqnozlaşdırılıb.

Musavat.com bildirir ki, bunu parlamentdəki büdcə müzakirələrində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Bildirib ki, növbəti ildə Dövlət Neft Fondundan transfert cari ilin proqnozu ilə müqayisədə 11,4% azalmaqla nəzərdə tutulur:

“Transfertin azaldılmasını həm Fondun vəsaitlərinin qorunması, həm də dövlət büdcəsinin neft asılılığının azaldılması baxımından müsbət qiymətləndiririk.

Eyni zamanda, onu da qeyd edim ki, transfertin DNF gəlirlərinə nisbəti 98,5% təşkil etməsi gözlənilir.

2026-cı ilin dövlət büdcəsinin gəlirlərini təmin edən əsas fiskal qurumlar üzrə artım proqnozlaşdırılıb. Növbəti ildə baza ssenari proqnozlarının icra olunacağı şəraitdə gəlir inzibatçıları üzrə proqnozların icrasında ciddi risklərin olmayacağı qənaətindəyik”.

Büdcənin əsas parametrlərindən danışan Palata sədri qeyd edib ki, növbəti il üzrə büdcə məlumatlarının təhlili xərclərin strukturunda ciddi dəyişikliklərin nəzərdə tutulduğunu göstərir:

“Bu, əsasən uçot siyasətində edilən dəyişikliklərlə bağlıdır. 2025-ci illə müqayisədə əsaslı xərclərdə azalma (1,2%), cari və dövlət borcuna xidmət xərclərində isə artım (müvafiq olaraq 1,6% və 2,4%) proqnozlaşdırılıb.

Borca xidmət xərclərinin artımı dövlət büdcəsinin xərclərinin artımını üstələyir ki, bu da onun büdcədə payının cüzi də olsa artımını şərtləndirib.

Növbəti ildə dövlət borcuna xidmət xərclərinin 2,45 mlrd. manat olacağı, faiz ödənişlərinin isə bu xərclərin 56,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

Beynəlxalq təşkilatların təhlillərinə əsasən, bir çox ölkələrdə borca xidmət xərclərini əhəmiyyətli hesab edərək bu xərclərin təhsil, səhiyyə və ətraf mühit xərclərini üstələdiyini də bildirirlər.

Növbəti ildə “Büdcə zərfi”nə əsasən, borca xidmət xərcləri gəlirlərin 6,4 faizi, xərclərin isə 5,9 faizi həcmində proqnozlaşdırılır ki, bu da məqbul səviyyədir.

Hesablamalarımıza əsasən, dövlət büdcəsinin xərclərinin 41,7%-i icra prosesində bölgüsü həyata keçirilən xərclərdir. Bu xərclərin bloklanmış hissəsi təxminən 9,2 mlrd. manatdan çox olmaqla proqnozlaşdırılır.

Hesab edirik ki, bu xərclərin büdcədə payının azaldılması imkanları mövcuddur”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR