İnsanlara hürriyət, millətlərə istiqlal!

“25 yaşı var, botoks etdirir, dodağını şişirdir...” – Xalq artistindən aktrisalara REAKSİYA

770 12.06.2026 12:57 Qalmaqal A A

Əməkdar artist Dilarə Əliyeva sənət adamlarının xarici görünüşə və estetik prosedurlara münasibətindən danışıb. O, xüsusilə aktyor və aktrisaların mimikalarının peşələri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Dilarə Əliyevanın sözlərinə görə, kosmetologiyada geniş istifadə olunan botoks proseduru müəyyən hallarda faydalı olsa da, aktyorluq sənəti ilə məşğul olan şəxslər üçün uyğun hesab edilmir.

Dilarə Əliyeva: "Qəzadan bir gün əvvəl yuxuda gördüm ki..." - Müsahibə

"Kosmetologiyanın botoks kimi möcüzəvi prosedurundan aktrisalar istifadə etməməlidir. Biri deyir, ifadəni gözlər, biri deyir, dodaqlar verir. Amma məncə, insanın hisslərini ən çox qaşlar ifadə edir. Aktyorun və ya aktrisanın emosiyalarını tamaşaçıya çatdırmasında mimikalar çox vacib rol oynayır. Botoks isə həmin ifadələrin təbii görünüşünə təsir göstərə bilər", - deyə sənətçi bildirib.

Əməkdar artist əlavə edib ki, düzgün dəri baxımı, sağlam həyat tərzi və vaxtında aparılan qulluq prosedurları sayəsində botoksa ehtiyac qalmaya bilər. O, hər bir estetik müdaxilənin ölçülü-biçili şəkildə edilməsinin vacibliyini vurğulayıb.
Dilarə Əliyevanın bu fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi aktrisanın təbii görünüşlə bağlı mövqeyini dəstəkləyib, digərləri isə botoksun düzgün tətbiq edildikdə mimikalara ciddi təsir göstərmədiyini qeyd ediblər.

Xatırladaq ki, bir müddət əvvəl də dünya şöhrətli, 43 yaşlı aktrisa Enn Heteuey yeni “The Odyssey” filminin treyleri yayımlandıqdan sonra “botokslu üz”ünə görə ciddi tənqidlərlə üzləşmişdi. Aktrisanın pərəstişkarları qeyd ediblər ki, kadrlarda Heteuey qışqırır və ağlayır, amma buna baxmayaraq onun mimikası hərəkətsiz görünür, alnı isə qüsursuz dərəcədə hamar qalır. İzləyicilərdən “Sizin işinizin mahiyyəti emosiyaları oynamaqdır. Donuq üzlə bu mümkün deyil!”, “Necə ki, Olimpiya oyunlarında steroidlər qadağandır, eləcə də “Oskar” nominasiyaları üçün botoks qadağan edilməlidir” kimi şərhlər gəlib.

Enn Heteuey “Dünyanın ən gözəl qadını” oldu

Bəs aktrisalar, ümumiyyətlə, plastik əməliyyat etdirə bilərmi? Azərbaycanın tanınmış rejissorları bu xüsusda necə düşünür?

Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov Musavat.com-a deyib ki, aktrisaların bir qismi estetik müdaxilələrlə daha gözəl görünəcəklərini düşünsələr də, əksər hallarda bunun əksi baş verir: “Onlar təbii gözəlliklərini itirərək özlərini xoşagəlməz vəziyyətə salırlar. Bəzən görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar artıq botoks etdirir, dodaqlarını həddindən artıq dolğu ilə böyüdür, müxtəlif estetik əməliyyatlara üz tuturlar. Yaşlı qadınların daha gənc görünmək istəyi müəyyən mənada başadüşüləndir. Lakin gənc yaşlarında olan qızların və aktrisaların bu qədər erkən estetik müdaxilələr etdirməsi şəxsən mənə anlaşılan gəlmir”.

Şeyx Əbdülun fikrincə, əlbəttə, əgər üzdə hər hansı qüsur, burunda əyrilik və ya anadangəlmə deformasiya varsa, onların aradan qaldırılması normal qarşılanmalıdır: “Ancaq sağlam və təbii görünən simanı müxtəlif müdaxilələrlə dəyişdirərək onu daha pis vəziyyətə salmaq başadüşülən deyil”.

Şeyx Əbdül vurğulayıb ki, ekran insanın simasını real həyatda göründüyündən qat-qat daha qabarıq göstərir: “Belə ki, üzdə edilən hər bir müdaxilə, hər bir əlavə dolğu və ya əməliyyat izi kamera qarşısında daha aydın nəzərə çarpır. Tamaşaçı ilk baxışdan aktrisanın dodağında, qaşında, yanaqlarında və ya üzünün digər hissələrində edilən dəyişiklikləri hiss edir. Nəticədə təbii görünüş itir, tamaşaçı ilə obraz arasında müəyyən məsafə yaranır. Üstəlik, üz nahiyəsinə edilən çoxsaylı estetik müdaxilələr mimikaya da təsirsiz ötüşmür. Üz əzələlərinin və sinir sisteminin təbii fəaliyyəti müəyyən qədər məhdudlaşır. Bu isə aktyorluq sənətində ən vacib vasitələrdən olan mimikanın, baxışların və emosional ifadələrin zəifləməsinə səbəb olur. Aktyor və ya aktrisa hisslərini tamaşaçıya ilk növbədə üz ifadələri ilə çatdırır. Mimika zəiflədikdə isə obrazın canlılığı və inandırıcılığı da azalır”.

Şeyx Əbdülün səhhəti pisləşdi - FOTO

Onun sözlərinə görə, nəticədə təbii gözəllik, fərdilik və sənətkarın özünəməxsus siması arxa plana keçir: “Aktrisa emosiyalarını mimikalarla ifadə edən sənət adamından daha çox, üz cizgiləri süni şəkildə dəyişdirilmiş, standart görünüşə malik bir insana çevrilir. Halbuki tamaşaçı hər zaman süni müdaxilələrdən daha çox təbii gözəlliyi, səmimi baxışları və canlı emosiyaları qiymətləndirir. Aktyorluq sənətinin gücü də məhz bu təbiilikdən qaynaqlanır”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR