Ukrayna hökuməti sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı yeni qaydalar tətbiq edib.
Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqladığı dəyişikliklərə əsasən, indiyədək qüvvədə olan 30 illik sürücülük vəsiqələri sistemi ləğv edilir və yeni sənədlər nəqliyyat vasitəsinin kateqoriyasından asılı olaraq 5 və ya 15 il müddətinə veriləcək.
Yeni qaydalara əsasən, A1, A, B1, B və BE kateqoriyalarına aid olan moped, motosiklet, minik avtomobili və qoşqulu minik avtomobilləri üçün verilən sürücülük vəsiqələri 15 il etibarlı olacaq.
Müddət başa çatdıqdan sonra sürücülər yenidən sürücülük kursu keçmədən və ya imtahan vermədən vəsiqələrini yeniləyə biləcəklər.
Yük avtomobilləri, avtobuslar, tramvaylar və trolleybusları əhatə edən C, D və T kateqoriyaları üzrə sürücülük vəsiqələrinin etibarlılıq müddəti isə 5 il müəyyənləşdirilib.
Rəsmilər bildirirlər ki, bu qərarın məqsədi peşəkar sürücülərin sağlamlıq vəziyyətini və peşə bacarıqlarını daha müntəzəm yoxlamaq, yol hərəkəti təhlükəsizliyini artırmaqdır.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, yeni qaydalar bundan sonra veriləcək sürücülük vəsiqələrinə şamil ediləcək. Dəyişikliklərin ölkədə sürücülük vəsiqələrinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlardan biri olduğu bildirilir.
Musavat.com






