İnsanlara hürriyət, millətlərə istiqlal!

44 gündə tarix yazan 108 yaşlı QALİB Azərbaycanın hərbi möcüzəsinin anatomiyası

973 26.06.2026 00:01 Ölkə A A

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələri Günüdür. Bu tarix sadəcə ordunun yaranma günü deyil. Bu tarix Azərbaycan dövlətçiliyinin, milli iradənin, müstəqilliyin və suverenliyin silahlı təminatının başlanğıc nöqtəsidir. Bu gün Azərbaycan Ordusunun yaranmasının 108 ili tamam olur. Bir əsrdən artıq dövr ərzində müxtəlif tarixi mərhələlərdən keçən milli ordu nəhayət XXI əsrdə qarşısında duran ən böyük missiyanı yerinə yetirdi – torpaqları işğaldan azad etdi, dövlətin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Bu gün Azərbaycan Ordusu təkcə hərbi qurum deyil. O, müstəqilliyin, dövlətçiliyin, milli birliyin və qələbə əzminin təcəssümüdür. Azərbaycan əsgəri isə artıq yalnız sərhədləri qoruyan hərbçi deyil, ölkənin müasir tarixini yazan əsas simvollardan biridir.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradılması milli hərbi tariximizin başlanğıcı hesab olunur. Hələ İstiqlal Bəyannaməsində dövlətin öz təhlükəsizliyini təmin etmək üçün nizami orduya malik olmasının vacibliyi vurğulanmışdı. Cümhuriyyət rəhbərləri yaxşı anlayırdılar ki, güclü dövlət yalnız güclü ordu ilə mövcud ola bilər.

Qısa müddət ərzində formalaşan Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakının və Azərbaycanın digər bölgələrinin erməni-bolşevik silahlı birləşmələrindən azad edilməsində mühüm rol oynadı. Lakin sovet işğalı bu prosesi yarımçıq qoydu. Azərbaycanın generalları güllələndi, hərbi elita repressiyaya məruz qaldı, milli ordu ləğv edildi.

Lakin milli hərbçilik ənənələri məhv olmadı. Azərbaycanın müasir ordu quruculuğunun əsasları məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində formalaşdı. Hələ sovet dövründə Azərbaycanda milli zabit korpusunun yaradılmasının vacibliyini görən Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi yaratdı. Bu məktəb sonradan müstəqil Azərbaycanın ordu quruculuğunda əsas kadr bazasına çevrildi.

Birinci Qarabağ müharibəsində döyüşən yüzlərlə zabit və komandir məhz həmin məktəbin yetirmələri idi. Onların arasında Azərbaycanın Milli Qəhrəmanları, korpus komandirləri, briqada rəhbərləri və xüsusi təyinatlıların zabitləri var idi.

parad-1.jpg (100 KB)


1991-ci ildə müstəqillik bərpa olunsa da, ölkədəki siyasi böhran və hakimiyyət zəifliyi nizami ordu quruculuğunu iflic etmişdi. Könüllü dəstələr, ayrı-ayrı silahlı qruplar, vahid komandanlığın olmaması cəbhədə ağır nəticələrə səbəb olurdu.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət dəyişdi. Nizami ordu quruculuğu başlandı, vahid komandanlıq yaradıldı, hərbi hissələrin formalaşdırılması sürətləndirildi. Məhz bu dövrdə Horadiz əməliyyatı həyata keçirildi və Azərbaycan Ordusu ilk böyük uğurlarından birini qazandı.

Bu siyasət sonradan Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müdafiə büdcəsi dəfələrlə artırıldı, dünyanın aparıcı hərbi istehsalçıları ilə əməkdaşlıq quruldu, Türkiyə, İsrail, Pakistan, İtaliya və digər ölkələrdən müasir silah sistemləri əldə edildi. Nəticədə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi.

Müxtəlif illərdə hazırlanan beynəlxalq reytinqlərdə Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu kimi göstərilib. Azərbaycanın hərbi büdcəsi uzun illər Ermənistanın ümumi dövlət büdcəsini üstələyib. Bu isə hərbi üstünlüyün formalaşmasında həlledici amillərdən biri olub.

Ancaq Azərbaycan Ordusunu fərqləndirən əsas xüsusiyyət texnikanın çoxluğu deyil. Azərbaycan Ordusu paradlar üçün yaradılmış ordu olmadığını döyüş meydanında sübut etdi.

ordu1.jpg (62 KB)


2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi dünya hərb tarixində xüsusi yer tutdu. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təxminən 30 il ərzində işğal altında saxlanılmış əraziləri azad etdi. Ermənistan ordusunun illərlə qurduğu müdafiə xətti, istehkamlar, betonlaşdırılmış mövqelər qısa müddətdə darmadağın edildi.
Bu qələbənin əhəmiyyətini anlamaq üçün müasir müharibələrin nəticələrinə baxmaq kifayətdir. ABŞ Əfqanıstanda 20 il hərbi əməliyyatlar aparsa da, strateji hədəflərinə tam nail ola bilmədi. Rusiya-Ukrayna müharibəsi artıq dörd ildən çoxdur davam edir və hələ də yekun nəticə yoxdur. ABŞ-ın İraq əməliyyatı belə uzunmüddətli sabitlik yaratmadı.
Azərbaycan isə qarşısına qoyduğu konkret hərbi-siyasi məqsədlərə cəmi 44 gün ərzində nail oldu. Bu baxımdan Vətən müharibəsi müasir hərb tarixində nadir uğurlu əməliyyatlardan biri hesab olunur.

Azərbaycan Ordusunun uğurunun əsas səbəblərindən biri texnologiya ilə peşəkar hərbi idarəetmənin düzgün sintezidir. Türkiyənin "Bayraktar TB2", İsrailin "Harop", "Orbiter", "SkyStriker" və digər pilotsuz sistemləri ilk dəfə belə geniş miqyasda vahid konsepsiya daxilində tətbiq edildi. Dünyanın aparıcı hərbi ekspertləri sonradan Azərbaycan modelini "dron inqilabı" adlandırdılar.

Lakin Vətən müharibəsinin nəticələri göstərdi ki, qələbə təkcə texnologiya ilə qazanılmır. Əgər belə olsaydı, dünyanın ən müasir silahlarına malik dövlətlər hər zaman qalib gələrdilər.

Azərbaycanın qələbəsinin əsas müəllifi Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əməliyyatları həyata keçirən peşəkar zabit korpusu və ölümün gözünə dik baxan Azərbaycan əsgəri idi. Şuşa əməliyyatı bunun ən parlaq nümunəsidir.

Müharibənin taleyini dəyişən Şuşa döyüşü artıq dünyanın aparıcı hərbi akademiyalarında öyrənilən əməliyyatlardan biridir.

images12.jpg (40 KB)


ABŞ Ordusunun urban müharibə üzrə tanınmış eksperti Con Spenser Şuşa əməliyyatını müasir şəhər döyüşlərinin ən uğurlu nümunələrindən biri kimi qiymətləndirib.
Azərbaycan xüsusi təyinatlıları ağır dağlıq relyefdə, texnikanın hərəkət edə bilmədiyi ərazilərdə, sıldırım qayalarla irəliləyərək şəhərə daxil oldular. Nəticədə strateji əhəmiyyətə malik Şuşa minimum itkilərlə azad edildi. Hərbi ekspertlərin fikrincə, bu əməliyyat XXI əsrin ən uğurlu urban müharibə nümunələrindən biridir.
Azərbaycan Ordusunun digər mühüm xüsusiyyəti beynəlxalq humanitar hüquqa ciddi əməl etməsi oldu. 44 günlük müharibə zamanı Azərbaycan Ordusu məqsədli şəkildə mülki əhalini hədəfə almadı. Bu, həm ordunun peşəkarlığını, həm də Azərbaycan xalqının milli-mənəvi dəyərlərini nümayiş etdirdi. Qələbədən sonra isə ordu quruculuğu dayanmadı.

Prezident İlham Əliyevin dediyi kimi, "Bu gün Azərbaycan Ordusu 44 günlük müharibədə qələbə qazanmış ordudan daha güclüdür".

İlham 2.jpg (52 KB)

Son illərdə komando briqadaları yaradılıb, Türkiyə modelinə uyğun yeni idarəetmə sistemi tətbiq olunub, xüsusi təyinatlı qüvvələrin imkanları genişləndirilib. Son hərbi paradlarda nümayiş etdirilən yeni raket sistemləri, pilotsuz aparat kompleksləri və müasir silahlar Azərbaycanın hərbi potensialının daha da artdığını göstərir.
Eyni zamanda, Milli Müdafiə Universitetinin yaradılması ilə hərbi təhsil sistemi yeni mərhələyə qədəm qoyub. Yerli hərbi sənaye müəssisələrində "Zərbə", "Arkan" və digər pilotsuz sistemlərin istehsalı genişləndirilir, müdafiə sənayesi ilə ordu arasında inteqrasiya gücləndirilir.

108 il əvvəl əsası qoyulan Azərbaycan Ordusu bu gün yalnız regionun ən güclü ordularından biri deyil. O, müasir müharibə konsepsiyalarını dəyişən, qələbənin yalnız silahla deyil, milli iradə, peşəkarlıq və düzgün strategiya ilə qazanıldığını sübut edən qalib ordudur.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR