Bir dövrün məşhur oriental rəqqasəsi Asena həyatında köklü dəyişikliklər edib.
Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, Asena iş adamı sevgilisi Kani Kudunun Yalovadakı fermasına köçüb.
O, at sürür, quzulara qulluq edir və təbii həyatın bütün gözəlliklərini yaşayır.
Fermasının qapılarını media nümayəndələrinin üzünə açan Asena deyib:
“Təbiəti çox sevirəm. Həyatımda təbii olan hər şeyə üstünlük verirəm. Çoxlu quzular böyütmüşük, inəklərimiz var. Südümüzü, qatığımızı, pendirimizi öz təsərrüfatımızdan əldə edirik. Bacardığım qədər evimizə təbii olmayan heç nə gətirməməyə çalışıram. Mənə ən böyük xoşbəxtliyi “uşaqlarım” dediyim quzularım verir. Bundan başqa, keçilərim də var”.
Asena bildirib ki, özü Rizədən, sevgilisi Kani Kudu isə Trabzondandır və onların eyni mədəni köklərə sahib olması münasibətlərini daha da möhkəmləndirir.
Sevgilisi ilə münasibətindən danışan sənətçi bunları deyib:
“Həyatda ən vacib şey yaşlandığınız zaman bir-birinizə dayaq ola biləcəyiniz bir insanın yanınızda olmasıdır. İnsan özünü təhlükəsiz hiss etməlidir. Allah rəhmət eləsin, nənəm həmişə deyərdi ki, “İnşallah həyatında səni özündən də çox düşünən və sevən bir insan olar”. Düşünürəm ki, onun bu duası qəbul olunub. Əsas olan hörmət, dəyər vermək və qarşılıqlı ehtiramdır. Dəyərli olan hər şeyi qorumaq lazımdır. Digər məsələlər isə münasibətləri tamamlayan amillərdir”.
48 yaşlı Asena səhnə fəaliyyətinə artıq rəqsləri ilə deyil, səsi ilə davam etmək istədiyini də açıqlayıb. O, müğənni Murat Başaranla duet şəklində ifa etdiyi yeni mahnının təqdimatının 20 iyunda keçiriləcəyini bildirib:
“Məqsədim səhnə həyatımı davam etdirməkdir. Səhnəni çox sevirəm. Ora çıxanda özümü azad hiss edirəm və sanki nəfəsimin sonsuz olduğunu düşünürəm. Bu layihə mənim üçün bir sınaqdır. 20 iyunda bütün hazırlıqların nəticəsi ortaya çıxacaq. Ondan sonra isə taleyin bizim üçün cızdığı yolla davam edəcəyik”.
Kani Kudu da Asena ilə münasibətindən böyük məmnunluq duyduğunu qeyd edib:
“Həyatımı gözəlləşdirən və bundan sonra ömrümün sonuna qədər gözəlləşdirəcək qadınla birlikdəyəm. Buna görə çox xoşbəxtəm”.
Musavat.com






