İnsanlara hürriyət, millətlərə istiqlal!

5 rayonun pulunu “kupça” adlı sənədlə batırırlar

1634 29.01.2026 17:54 Sosial A A

Əmlak vergisi evlərin sənədlərinə əsasən hesablandığı üçün dövlət hər il 100 milyonlarla manat vergi gəlirindən də məhrum olur


Azərbaycan vətəndaşlarının illərdir üzləşdiyi əsas sosial-iqtisadi paradokslardan biri “kupça”sız evlər problemidir.
Hazırda ölkədə təxminən 400-500 min sənədsiz tikili mövcuddur. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova bildirib. Onun sözlərinə görə, bu tikililərin dəqiq sayını müəyyən etmək üçün geniş araşdırma aparılmalıdır.
Beləliklə, yarım milyon Azərbaycan vətəndaşı evinə, torpağına “kupça” alacağı günü gözləyir. Bu absurd vəziyyət milyonlarla insanın hüquqi sabitliyini sual altına qoyur. Prezident İlham Əliyev “kupça” problemini dəfələrlə gündəmə gətirib. 2019-cu ilin dekabrında çıxışında açıq şəkildə demişdi: “Kupça”sız evlərə görə insanlar əziyyət çəkirlər. Biz bu məsələnin həllində çox çevik olmalıyıq... Hər bir vətəndaşın əmlakı rəsmiləşdirilməlidir!”


Bu çıxışdan az sonra, 2020-ci il martın 4-də Prezident “Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, qeyri-rəsmi tikililərin və torpaq sahələrinin sənədləşməsi üçün yeni mexanizmlər tətbiq edilməli idi.
Amma 2026-ci ilin yanvarına kimi həmin fərmanın icrasına dair real nəticələr hələ də cəmiyyətə hiss etdirilmir. Hələ də milyonlarla insan evində yaşayır, amma çıxarışı, yəni “kupça”sı yoxdur.
Hesablamalara görə, hazırda ölkədə 1.2 milyondan çox yaşayış və qeyri-yaşayış sahəsi “kupça”sızdır. Bu, daşınmaz əmlakların 30 faizindən çoxudur. Əmlak vergisi “kupça”ya əsasən hesablandığı üçün dövlət hər il 100 milyonlarla manat vergi gəlirindən məhrum olur. Azərbaycan Dövlət İqtisad Universitetinin ekspertlərinin hesablamasına görə, əgər bütün daşınmaz əmlak “kupça”lanarsa, dövlət illik minimum 250 milyon manat əlavə gəlir əldə edə bilər. Bu, təxminən 5 rayonda infrastruktur layihələrini maliyyələşdirmək üçün kifayət edər.

“Kupça” problemi təkcə sənəd deyil, həm də hüquq və təhlükəsizlik məsələsidir. “Kupça”sız ev hüquqsuz və zəmanətsiz ev deməkdir. Heç bir bank “kupça”sız evə kredit vermir, heç bir məhkəmə belə evə hüquqi toxunulmazlıq tanımır, heç bir sığorta şirkəti isə belə evləri etibarlı saymır. Yerli icra hakimiyyətləri, bələdiyyələr və tikinti maraqları üst-üstə düşəndə isə “kupça”sız evin sökülməsi an məsələsinə çevrilir.
Əmlak Məsələləri Dövlət Xidmətinin əsas funksiyası daşınmaz əmlakın qeydiyyatı, “kupça”ların verilməsi, torpaq islahatları və əmlak idarəçiliyidir. İllərdir “elektron xidmət”, “sadələşdirilmiş prosedur” adı altında yüzlərlə kampaniya aparılsa da, milyonlarla vətəndaşın “kupça” problemi hələ də həllini tapmayıb.
2020-ci ildən Xidmət İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib və gözləntilər var idi ki, sistemli yanaşma ortaya qoyulacaq. Çox təəssüf ki, bu gözləntilər hələ də doğrulanmayıb. “Kupça” məsələsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də keçir. Yeni tikililərin çoxunun “kupça”sız qalmasında bu qurumun bürokratiyası və qeyri-şəffaf mexanizmləri də müstəsna rol oynayır. Əhalinin çoxu torpaq alqı-satqısını bələdiyyə aktı ilə həyata keçirir. Amma bu sənəd yalnız bələdiyyə səviyyəsində keçərlidir və dövlət qeydiyyatı olmadığı üçün “kupça” verilmir. Bəzi hallarda bələdiyyə torpağı adlandırılan sahələr 10-15 il öncə özbaşına satılıb və bu gün sənədləşdirmə aparılmır. Əgər dövlət orqanları bir evin hüquqi statusunu 20 ilə həll edə bilmirsə, hansı inkişafdan danışmaq olar? Əmlak varsa, əmlaka dair sənəd də dövlət tərəfindən təqdim edilməlidir. Vətəndaş varsa, hüququ da tanınmalıdır.
“Kupça” məsələsi təkcə bir sənədin yoxluğu deyil. Bu, vətəndaşın dövlətə inamının yoxluğu, hüquqlarının pozulması və iqtisadi ədalətsizliyin göstəricisidir. Prezidentin sərəncamları nəhayət tətbiq olunmalı, xalqın “kupça” haqqı gerçəkləşməlidir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR