Məktəblərdə peşə yönləndirilməsi məsələsi uzun illərdir müzakirə olunan problemlərdən biridir. Bu məktəblilərin bacarıqlarına uyğun peşələrə yönləndirilməsi üçün xüsusi səlahiyyətli şəxslərə ehtiyac olub-olmadığı məsələsini aktuallaşdırır.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, məktəblərdə peşə yönləndirilməsinin zəif olmasının kökündə ilk növbədə təhsil sistemimizin hələ də böyük ölçüdə "akademik və imtahan mərkəzli" modeldən xilas ola bilməməsi dayanır:
"Bizim bugünkü məktəb mühitimiz şagirdi real həyata, onun daxili potensialına və fərdi bacarıqlarına görə deyil, yalnız ali məktəbə qəbul imtahanlarında toplayacağı yüksək bala görə qiymətləndirir. Bu yanaşma təhsili daxili kəşf prosesindən çıxarıb mexaniki yarışa çevirir. Valideynlər və müəllimlər uşağın rəsmə, musiqiyə, texnikaya, dülgərliyə və ya hər hansı bir praktik sənətə olan sevgisini çox vaxt görməzdən gəlir, hamını mütləq şəkildə hüquqşünas, həkim və ya iqtisadçı görmək istəyirlər. Aristotelin dediyi kimi: "Ruhun enerjisi həyatın mahiyyətidir." Biz uşaqların ruhunun hansı sahədə enerjili olduğunu tapmaq əvəzinə, onların daxili səsini boğuruq. Üstəlik, məktəblərdə uşaqların müxtəlif peşələri canlı şəkildə görə biləcəyi, istehsalat sahələri, laboratoriyalar və ya müasir texnoloji mərkəzlərlə birbaşa təmas qura biləcəyi praktiki mexanizmlər demək olar ki, yoxdur".
Ekspert deyib ki, peşə yönümlü dərslər və ya tədbirlər əksər hallarda sadəcə sinif otağında, formal mühazirələr şəklində keçirilir ki, bu da rəqəmsal dövrün uşaqları üçün heç bir cəlbedicilik kəsb etmir:
"Məhz bu nöqtədə məktəblərdə şagirdləri doğru peşəyə yönləndirəcək, tamamilə müstəqil və xüsusi səlahiyyətli şəxsin, məsələn "Karyera bələdçisi"nin olmasına fundamental ehtiyac yaranır. Bu şəxs sıradan bir müəllim və ya məktəbin cari işlərlə yüklənmiş psixoloqu olmamalıdır. Çünki mövcud sistemdə məktəb psixoloqları əsasən uşaqların nizam-intizam, adaptasiya və ya ailə daxili problemləri ilə məşğul olurlar və onların əmək bazarının müasir trendlərini, gələcəyin peşələrini təhlil etmək üçün nə vaxtları, nə də xüsusi metodoloji hazırlıqları çatır. Səlahiyyətli karyera bələdçisi isə tamamilə fərqli bir missiyanı yerinə yetirməlidir. O, hər bir şagirdi ibtidai siniflərdən etibarən izləməli, xüsusi psixometrik testlər, fərdi müsahibələr və uşağın meyil etdiyi praktiki məşğələlər vasitəsilə onun güclü və zəif tərəflərini müəyyən etməlidir. Belə bir mütəxəssis həm də valideynlərlə işləməli, onların övladları üzərindəki subyektiv ambisiyalarını neytrallaşdırmağı bacarmalıdır. Əgər məktəbdə rəsmi statusu, xüsusi otağı və şagirdin gələcək trayektoriyasını müəyyən etmək qabiliyyəti olan belə bir səlahiyyətli şəxs olarsa, o, uşaqları yalnız ali təhsilə deyil, ölkə iqtisadiyyatı üçün hava və su kimi lazım olan peşə təhsilinə də düzgün istiqamətləndirə bilər. İnsan ancaq sevdiyi və istedadı olduğu işlə məşğul olduqda cəmiyyətə real dəyər qazandırır və əsl insan kapitalına çevrilir. Məktəblərimizdə bu boşluğu doldurmasaq, diplomlu işsizlər ordusu böyüməyə, gənclərimiz isə ömür boyu özlərinə aid olmayan həyatları yaşamağa məhkum olacaqlar",- deyə ekspert qeyd edib.






