Azadlığa çıxan məhkumlar: "Sevinirik ki, bayramı öz evimizdə keçirəcəyik"
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində də icra olunub.
Musavat.com bildirir ki, tədbirdə Penitensiar Xidmətin rəhbər şəxsləri, hüquq müdafiəçiləri, media nümayəndələri iştirak edib.
Bu müəssisədə amnistiya aktı 20 nəfərə şamil olunub. Onlara azadlığa çıxmaları ilə bağı icra vərəqi verilib.
Azadlığa buraxılan məhkumlar amnistiya aktının imzalanmasına görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Amnistiya aktı əsasında azadlığa çıxanlardan biri olan Elçin Rəhimov Musavat.com-a açıqlamasında bildirib ki, ehtiyatsızlıq səbəbindən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Onun sözlərinə görə, cəzasının bitməsinə 1 ay qalmış azadlığa buraxılıb:
“Amnistiya aktına görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm. Bu qərar mənim və ailəm üçün böyük sevinc oldu”.
Azadlığa çıxan digər məhkum Habil Tağıyev də Prezident İlham Əliyevin humanist qərarını yüksək qiymətləndirib. Qeyd edib ki, bu addım onun üçün xüsusilə önəmlidir:
“Bu humanist addımına görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Çox sevincliyəm ki, bayramı öz evimdə, ailəmin yanında keçirəcəyəm”.
Xalidə Gəray
Fotolar və video müəllifindir
Musavat.com






