İnsanlara hürriyət, millətlərə istiqlal!

85 dəqiqə dünyanı silkələdi - Putin qələbə qazanır?

1860 06.07.2026 15:52 Dünya A A

İyulun 5-də ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə baş tutan saat yarımlıq növbəti telefon danışığı dünya gündəminın əsas mövzuları sırasında yer almaqdadır. Bu danışıq təkcə Vaşinqton və Moskva arasında diplomatik təmas kimi deyil, həm də Ukrayna müharibəsinin gələcək taleyinə təsir edə biləcək mühüm siyasi hadisə oldu. Xüsusilə, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti ərəfəsində reallaşan bu təmasın vaxtı daha çox diqqət çəkir. Ukraynada müharibənin uzandığı, Yaxın Şərqdə gərginliyin artdığı və ABŞ-nin qlobal siyasətdə yeni balans axtardığı bir vaxtda iki liderin uzun telefon danışığı müxtəlif ehtimalları gündəmə gətirib.

Yaxın keçmiş göstərir ki, Tramp-Putin təmasları hər dəfə Qərb paytaxtlarında narahatlıq yaradıb. Alyaskada keçirilən görüşdən sonra ABŞ-də, Avropa paytaxtlarında və Ukraynada Moskvanın diplomatik üstünlük qazandığı, Putinin danışıqlardan psixoloji və siyasi baxımdan daha güclü çıxdığı barədə geniş müzakirələr aparılmış, Trampın Rusiyaya qarşı kifayət qədər sərt mövqe nümayiş etdirmədiyi ilə bağlı tənqidlər səslənmişdi. Həmin görüşdən sonra yaranan siyasi və psixoloji atmosfer uzun müddət beynəlxalq gündəmi zəbt etmişdi.

İndi isə oxşar suallar yenidən gündəmə qayıdır. Putinlə Trampın növbəti təması və tərəflərin konstruktiv dialoq mesajları Qərbdə yenidən narahatlıq dalğası yarada bilərmi? ABŞ prezidentinin müharibənin tezliklə dayandırılması çağırışları Vaşinqtonun kursunda dəyişiklik kimi qəbul olunacaqmı? Avropa və Kiyevdə növbəti dəfə ruh düşkünlüyü yaşana bilərmi? Kreml bu telefon danışığını yenə də diplomatik qələbə kimi təqdim etməyə nail olacaqmı? Yoxsa bu dəfə vəziyyət əvvəlki təmaslardan fərqli olaraq tamamilə başqa siyasi nəticələr doğuracaq?

ORUCOV SON.jpeg (33 KB)

Politoloq Əli Orucov Musavat.com-a açıqlamasında bu və ya digər məsələlərə toxunub:

“Ukrayna-Rusiya müharibəsi təkcə cəbhə boyunca deyil, informasiya müstəvisində də aktiv fazadadır. Tərəflər bu alətdən maksimum dərəcədə yararlanmağa çalışır. Hazırda yalan məlumatların cəmiyyətə ötürülməsi halı daha çox Rusiya tərəfindən müşahidə olunur. Hətta hərbi elita Putinə düzgün olmayan raportlar verərək guya Ukraynada ordunun uğurları barədə məruzələr edirlər. Amma çox keçmədən aydın olur ki, hər hansı bir ciddi uğur yoxdur. Sentyabrda Rusiyada parlament seçkiləri keçiriləcək. Putinin partiyasının seçkilərdə seçicilərin səsini qazanmaq üçün da yalan üzərində qurulan təbliğata daha çox ehtiyacı var. Kiyevin əks-hücumlarının kəsərini və intensivliyini artırması Kremli çıxılmaz vəziyyətə salıb. Bu, təhlükəsizlik problemləri və yanacaq böhranı yaradıb. Putin iqtisadi-siyasi və hərbi uğursuzluqlar fonunda seçkiyə gedərək qalib gəlməsi üçün hansısa qələbəyə, irəliləyişə, diplomatik nailiyyətə möhtacdır. Trampla aparılan sonuncu saat yarımlıq telefon danışıqları bəlkə də Putin üçün göydəndüşmə bir fürsətdir. Həmin danışıqdan imitasiya edilərək müəyyən daxili və xarici məqsədlər üçün istifadə ediləcək.

Düşünmürəm ki, Qərb və Kiyev bu danışıqlardan sonra məyus olacaq, yaxud narahatlıq keçirəcək. Çünki Trampın mövqeyindəki əvvəlki kurs xeyli dərəcədə dəyişib. Fransada keçirilən G7 sammitində Qərbə dəstəyini ifadə etdi və qəbul edilən sənədə imza atdı. Türkiyədə baş tutacaq NATO zirvəsində də diqqət ayrılacaq əsas mövzulardan biri Ukrayna-Rusiya müharibəsi və Avropanın təhlükəsizlik arxitekturası olacaq. Əvvəlki danışıqlardan fərqli olaraq düşünürəm ki, ABŞ daha çox güzəştlərdən danışmayıb. Moskva kopromislərə getməlidir. Kiyevin də məqsədi Putini danışıqlara və güzəştlərə məcbur etməkdir. Unutmayaq ki, Kiyev də əvvəlki kimi zəif deyil və maraqlarına uyğun olmayan sövdələşmələrə razı salmaq mümkün görünmür”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR