Tramp müdaxilə etdi, siyasi mübarizə alovlandı
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşı çərşənbə günü keçirilən əməliyyat zamanı bir qadını güllələyərək öldürüb. Federal və yerli rəsmilərin məlumatına görə, qadın əməliyyatın hədəfi kimi görünməyib.
Musavat.com "nbcnews" kanalına istinadən xəbər verir ki, hadisə ilə bağlı dərhal iki fərqli versiya ortaya çıxıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Tricia Maklaqlin qadının “avtomobili silah kimi istifadə edərək hüquq-mühafizə əməkdaşlarını əzməyə cəhd etdiyini” iddia edib və bunun “öldürmə niyyəti ilə həyata keçirildiyini” bildirib.
Minneapolisin meri Ceykob Frey isə jurnalistlərə açıqlamasında bu versiyanı kəskin tənqid edib:
“Onlar bunu artıq özünümüdafiə kimi təqdim etməyə çalışırlar. Videoya şəxsən baxmış biri kimi deyirəm: bu tamamilə cəfəngiyatdır".
Hadisə şahidləri də qadının avtomobili ilə qaçmağa çalışdığını, lakin rəsmilərin iddia etdiyi kimi əməkdaşları üzərinə sürmədiyini deyiblər. Şəhər polisi qadını “orta yaşlı ağdərili qadın” kimi təsvir edib və əməliyyatın əsas hədəfi olmadığı qənaətində olduqlarını bildirib.
ICE əməkdaşları həmin vaxt şəhərdə “hədəfli icra əməliyyatı” aparırdılar, lakin konkret hansı əməliyyatın həmin ərazidə icra edildiyi açıqlanmayıb.
Hadisənin müxtəlif rakurslardan çəkilmiş videoları sosial şəbəkələrdə yayılıb. Kadrlardan birində boz rəngli pikapın qırmızı rəngli SUV-ya yaxınlaşdığı, ICE əməkdaşlarının maşından düşərək qadını avtomobildən çıxarmağa çalışdığı görünür. Daha sonra SUV geri çəkilir. Başqa bir əməkdaş avtomobilin önündə dayanır və avtomobil onun istiqamətinə hərəkət edərkən əməkdaş silahını çıxarıb atəş açır. Qadının maşını daha sonra park edilmiş avtomobilə çırpılaraq dirəyə dəyir.
Digər rakursda əməkdaşın avtomobilin hərəkəti ilə geri itələndiyi də görünür. Prezident Donald Tramp həmin kadrları Truth Social səhifəsində paylaşıb və sürücünü “çox aqressiv, maneə yaradan və müqavimət göstərən” biri kimi təsvir edərək, əməkdaşın sağ qalmasının “möcüzə” olduğunu yazıb.
Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib ki, ICE əməkdaşı qadın tərəfindən vurulub, xəstəxanaya aparılıb və daha sonra evə buraxılıb. Noem eyni əməkdaşın ötən ilin iyun ayında anti-ICE etirazçısı tərəfindən avtomobillə sürükləndiyini də xatırladıb.
Günün əvvəlində Noem əməliyyat zamanı ICE maşınlarının qara düşdüyünü, əməkdaşların onları itələyərək çıxarmağa çalışdığı an qadının “hücum etdiyini” iddia edib və bunu “daxili terror aktı” adlandırıb. Hər hansı əlavə sübut təqdim edilməyib.
Hadisədən sonra Minneapolis polis rəisi Brayan O’Hara əməliyyatın gedişatı ilə bağlı narahatlığını bildirib:
“Hadisənin dəqiq gedişatını bilmirəm, amma silahsız şəxsin olduğu avtomobilə atəş açılması istənilən peşəkar hüquq-mühafizə orqanında ciddi narahatlıq doğurur. Belə hallar istisna olaraq əsaslandırıla bilər, lakin ABŞ-da polis qurumlarının əksəriyyəti ölümcül qüvvənin tətbiqini minimuma endirmək üçün illərlə təlim keçir.”
31 yaşlı şahid Aidan Perzana isə Noemin versiyasını təkzib edib:
“Nazir iddia edir ki, qadın əməkdaşı vurmağa çalışıb. Mən gördüyümdə əməkdaşlar arasında maşının keçməsi üçün kifayət qədər boşluq var idi. Qadın sadəcə qaçmağa çalışırdı".
Musavat.com






