ABŞ və Gürcüstanın Avropa İttifaqına yönəlmiş tənqidləri ətrafında yeni siyasi polemika yaranıb.
Musavat.com xəbər verir ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında Aİ ilə bağlı yer alan tənqidi məqamları xoşagəlməz adlandırıb, lakin Vaşinqtonla Tbilisi arasında əsas fərqin olduğunu vurğulayıb.
Kaya Kallas bildirib ki, ABŞ Avropa İttifaqına üzv olmağa can atmır, Gürcüstan isə Aİ-yə inteqrasiya məqsədi güdür. Onun sözlərinə görə, məhz bu amil yanaşmalardakı fərqi formalaşdırır: “Biz ABŞ sənədlərində oxuduqlarımızdan məmnun deyilik, amma ABŞ Avropa İttifaqına üzv olmaq istəmir”.
Bu fikirlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili cavab verib. O, Aİ rəsmisinin mövqeyini tənqid edərək bildirib ki, belə çıxır, Avropa İttifaqına üzv olmaq istəyən ölkələr öz mövqelərini sərbəst ifadə edə bilməzlər.
Papuaşvilinin sözlərinə görə, bu yanaşma Gürcüstan cəmiyyətində suallar doğurur və ikili standart təəssüratı yaradır. O qeyd edib ki, Ağ Ev bu cür siyasəti Avropa İttifaqının xarici siyasətinin “estoniyalaşdırılması” kimi qiymətləndirir.
Spiker vurğulayıb ki, Avropa İttifaqı fikir plüralizmi və söz azadlığı prinsiplərinə sadiq qalmalıdır və bu dəyərlər Aİ-yə namizəd ölkələr üçün də keçərli olmalıdır.
Musavat.com






