İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ geosiyasi piratçılıqda ittiham olunur -  Neft yoxsa narkotik davası?  

279 11.12.2025 20:15 Dünya A A

Karib dənizində yeni bir “soyuq müharibə” baş verir.  ABŞ Venesuela sahillərində sanksiyaya məruz qalmış İran və Venesuela neftini daşıyan nəhəng tankeri nümayişkaranə şəkildə ələ keçirib. Karakas və Tehran isə baş verənləri piratçılıq olaraq qəbul edirlər.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə qürurla deyib ki, bu, indiyə qədər ələ keçirilən ən böyük tankerdir. Vaşinqton tankerin ələ keçirilməsini “terrorun maliyyələşdirilməsi”, “narkotiklərlə mübarizə”, “qanunsuz neft ticarəti” ilə izah edir. ABŞ-ın baş prokuroru Pam Bundi tankerin “xarici terror təşkilatlarını maliyyələşdirən şəbəkənin bir hissəsi” olduğunu yazıb. Marine Traffic-in məlumatlarına görə, Qayana bayrağı altında üzən “Skipper” tankeri İranın Xarq adası yaxınlığından yüklənmiş nefti Venesuelanın Xose limanına gətirib, oradan isə Kubaya 200 min barrel ötürüb. Bütün proses beynəlxalq sularda gedib. Yəni ABŞ-ın “sərhədlərini pozan” heç nə olmayıb. Venesuela hökuməti hadisəni “beynəlxalq piratçılıq” adlandıran bəyanat verib:

“Bu siyasətin immiqrasiya, demokratiya və ya insan haqları ilə heç bir əlaqəsi yoxdur. ABŞ-ın məqsədi ölkəmizin enerji ehtiyatlarını talamaqdır”.

Sanksiyalarla boğulan ölkə artıq açıq şəkildə bildirir ki, Amerika “narkotiklərlə mübarizə” pərdəsi altında ölkənin neftinə əl uzadır. Maduro da öz növbəsində bildirir: “Venesuela heç vaxt neft koloniyası olmayacaq!” Bu cümlə Karakasın son illərdə yaşadığı iqtisadi mühasirəni çox dəqiq təsvir edir.

İranın Karakasdakı səfirliyi daha da sərt açıqlama verib: “Bu, naviqasiya azadlığı və beynəlxalq hüquqa qarşı açıq hücumdur. Bu hərəkətin ən uyğun adı piratçılıqdır”. Tehranın reaksiyası təsadüfi deyil. Çünki ABŞ artıq illərdir İran neftinin hərəkətini izləyir, tanker şirkətlərinə təzyiq edir, gəmi identifikasiya sistemlərini bağlamaqda ittiham edir, hətta müxtəlif ölkələrin limanlarına İran tankerinə xidmət göstərdiyinə görə sanksiya tətbiq edir. Bu dəfə isə proses gizli təqib yox, birbaşa silahlı əməliyyatla müşayiət olunub. Əslində bu tankerin ələ keçirilməsi Vaşinqtonun bölgədəki daha böyük planının tərkib hissəsidir. ABŞ son aylarda Latın Amerikasında 15 minə yaxın hərbçi yerləşdirib, Venesuela yaxınlığında 20-dən çox “narkotik əməliyyatı” keçirib,  80-dən çox şəxsin öldürüldüyünü iddia edib. Lakin bütün bunlar ekspertlər tərəfindən beynəlxalq hüquqa zidd addımlar olaraq  qiymətləndirilir.

Tramp administrasiyası isə Maduronu devirə bilmədiyi hər gün yeni təzyiq alətlərinə əl atır. Vaşinqton Maduro hakimiyyətini “Günəşlər Karteli” adlı narkotik şəbəkəsi ilə əlaqələndirir. Bu iddianı nə Karakas, nə də beynəlxalq hüquq institutları ciddiyə almır. Rəsmi Vaşinqton tankerin daşıdığı nefti “saxlayacağını” elan edir. Bu cümlə bütün geosiyasi oyunu açır. ABŞ İran və Venesuela neftinin bazara çıxmasının qarşısını alır, eyni zamanda həmin nefti özündə toplayır. Yəni, Vaşinqtonun Karib dənizində apardığı əməliyyatların arxasında narkotiklərlə mübarizə yox, beynəlxalq enerji balansına nəzarət dayanır. ABŞ-ın Latın Amerikası və Yaxın Şərq neftinə qarşı aparılan yeni müharibə başlayıb.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR