İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Hərbi Donanmasında mühüm təyinat: azərbaycanlı Pakistana hərbi attaşe göndərildi

681 24.06.2026 14:16 Dünya A A

ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabit Nəimi Əmiral ABŞ-nin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.

Musavat.com xəbər verir ki, Nəimi Əmiral bu təyinata qədər Pentaqonda ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Ofisində Şərqi Avropa və NATO əlaqələri şöbəsinin rəisi vəzifəsində çalışıb.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olan Nəimi Əmiral ABŞ ordusunda uğurlu karyerası ilə seçilən azərbaycanlı hərbçilərdən biridir. O, Nyu-York Dövlət Universitetində İqtisadiyyat və Siyasi Əlaqələr ixtisasları üzrə iki magistr dərəcəsi alıb. Azərbaycan, ingilis, rus və italyan dillərini mükəmməl bilir.

Nəimi Əmiral 2001-ci il 11 sentyabr terror hadisələrindən qısa müddət sonra ABŞ Hərbi Donanmasında xidmətə başlayıb. 2005-ci ildə ABŞ Dəniz Donanmasının Zabit Məktəbini bitirdikdən sonra ABŞ Prezidenti Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb.

john naimi1 (1).jpg (130 KB)

Karyerasının ilk illərində idarəolunan raketlərlə təchiz edilmiş USS Arleigh Burke (DDG-51) hərbi gəmisində diviziya rəhbəri və helikopter əməliyyatlarına nəzarət üzrə mütəxəssis kimi xidmət göstərib. Sonrakı illərdə inteqrasiya olunmuş loqistik dəstək proqramlarında rəhbər vəzifələrdə çalışaraq ABŞ Hərbi Donanmasının müxtəlif layihələrinə milyonlarla dollar həcmində logistika dəstəyi verib.

john naimi1 (11).jpg (113 KB)

2010-2011-ci illərdə ABŞ Dəniz Mühəndisliyi Batalyonlarından birində vəzifəli məmur kimi fəaliyyət göstərən Nəimi Əmiralın rəhbərliyi altında 200-dən çox hərbçi ABŞ-ın Cənubi Amerikadakı humanitar əməliyyatlarında iştirak edib.

Daha sonra ABŞ Birləşmiş Qərargahında xidmət edən zabit NATO-nun Əfqanıstandakı Təlim Missiyası ilə əlaqələndirmə heyətində çalışıb. Onun fəaliyyəti nəticəsində minlərlə əfqan polis əməkdaşının hazırlanmasına dəstək göstərilib. Bu xidmətlərinə görə Əfqanıstanın sabiq Prezidenti Hamid Karzai tərəfindən Əfqanıstan Daxili İşlər Nazirliyinin Şərəf medalı ilə təltif olunub.

john naimi1 (12).jpg (57 KB)

2013-2015-ci illərdə Pentaqonda F-35 qırıcı təyyarələri proqramının baş ofisində strateji əməliyyatlar üzrə nümayəndə kimi çalışan Nəimi Əmiral, 2016-cı ildə ABŞ-ın Romania ərazisində yerləşən AEGIS Ashore Ballistik Raketlərə Qarşı Müdafiə Sisteminin bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə təyin edilib. O, NATO rəhbərliyinin və yüksək səviyyəli rəsmilərin iştirak etdiyi açılış mərasiminin təşkilat komitəsinə rəhbərlik edib.

Rumıniyada fəaliyyəti dövründə ABŞ-Rumıniya münasibətlərinin inkişafına verdiyi töhfələrə görə ölkənin baş naziri tərəfindən mükafatlandırılıb. Daha sonra Suriya və İraqda əməliyyatlar həyata keçirən Fransanın Charles de Gaulle aviadaşıyıcısında ABŞ və NATO nümayəndəsi kimi xidmət göstərib və Fransa tərəfindən "Moyen Orient" medalı ilə təltif olunub.

Nəimi Əmiral 2018-ci ildə F-35 proqramının Beynəlxalq Əlaqələr şöbəsinin ştab rəisi, 2019-2021-ci illərdə isə Pentaqonda ABŞ Hərbi Donanmasının Strateji Planlar Şöbəsinin NATO və Rusiya bölməsinin rəhbəri olub.

john naimi1 (9).jpg (88 KB)

2021-2023-cü illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasında Beynəlxalq Təhlükəsizlik Əməkdaşlığı şöbəsinin direktoru vəzifəsində çalışan azərbaycanlı zabit, 2024-cü ildə Birləşmiş Dəniz Donanmaları Təşkilatının Planlar və Əməkdaşlıq şöbəsinə rəhbərlik edib.

2025-2026-cı illərdə ABŞ-ın Afrika Birləşmiş Qoşunları Komandanlığında Şərqi Afrika bölməsinin rəisi vəzifəsində çalışan Nəimi Əmiralın Pakistana hərbi attaşe təyin edilməsi onun hərbi-diplomatik karyerasında növbəti mühüm mərhələ kimi qiymətləndirilir.

Qeyd edək ki, bir övladı olan Nəimi Əmiral ABŞ ordusunda yüksək vəzifələrə yüksələn azərbaycanlı əsilli zabitlər arasında xüsusi yer tutur.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR