İsrail və Livan nümayəndələri ABŞ-ın vasitəçiliyi ilə təhlükəsizlik və iqtisadi məsələləri müzakirə etmək üçün yeni görüş keçiriblər.
Musavat.com xəbər verir ki, məlumatı İsrail Baş naziri Benyamin Netanyahunun ofisi yayıb. Bəyanata görə, görüş Livanın cənubundakı Naqura sərhəd şəhərində baş tutub. İsrail tərəfində danışıqlara Milli Təhlükəsizlik Şurasının xarici siyasət üzrə müavini Yosef Draznin rəhbərlik edib: "Görüş Livan ordusu tərəfindən Hizbullah-ın tərksilah edilməsinə yönəlmiş təhlükəsizlik dialoqunu davam etdirib. Müzakirə Hizbullah-ın yaratdığı təhlükənin aradan qaldırılmasında qarşılıqlı marağı gücləndirməyə və sərhədin hər iki tərəfində sakinlər üçün davamlı təhlükəsizliyin təmin edilməsinə yönəlmiş iqtisadi layihələrin irəlilədilməsi yollarına yönəlib".
Bu, İsrail və Livan nümayəndələri arasında ikinci belə birbaşa görüşdür. Birinci görüş 3 dekabrda Naqurada baş tutub. Görüşdən sonra Netanyahunun ofisi əlaqələrin "yaxşı" olduğunu və tərəflərin iki ölkə arasında "mümkün iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün ideyalar formalaşdırmaq" barədə razılığa gəldiyini bildirib. LBCI televiziyası mənbələrə istinadən bildirib ki, Livan tərəfi də görüşün nəticələrindən məmnundur. Axios qeyd edib ki, danışıqlar 1993-cü ildən bəri ilk belə rəsmi birbaşa əlaqə olub.
İsrail və Livan arasında heç vaxt diplomatik münasibətlər olmayıb. Beyrut 1948-ci ildə qurulduğu gündən bəri yəhudi dövlətini tanımayıb. Diplomatik münasibətlərin olmamasına baxmayaraq, iki tərəf Vaşinqton vasitəsilə qeyri-rəsmi əlaqə saxlayır.
Musavat.com






