İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb mediası: NATO sammitinin əsas qalibləri Ukrayna və Avropa oldu

860 10.07.2026 02:22 Dünya A A

Ankarada keçirilən NATO sammitindən sonra Qərb mediası ABŞ Prezidenti Donald Trampın Ukrayna və alyansla bağlı son açıqlamalarını təhlil edib.

Bir sıra nüfuzlu nəşrlər sammit Ukrayna və Avropanın mövqelərini müəyyən qədər gücləndirdiyini, lakin NATO qarşısındakı əsas problemlər hələ də qaldığını yazıb.

Musavat.com xarici mediaya istinadən həmin təhlillərin əsas məqamlarını təqdim edir:

"Financial Times": Tramp qalibləri sevir

Nəşr yazır ki, sammitin əsas nəticələrindən biri Trampın Ukraynaya münasibətində müşahidə olunan yumşalma olub. NATO-dakı diplomatların fikrincə, ABŞ prezidenti "qalibləri sevir" və Ukraynanın son aylarda cəbhədə göstərdiyi nəticələr Vaşinqtonun yanaşmasına təsir edib.

Britaniyanın Chatham House analitik mərkəzi isə hesab edir ki, Ukraynaya ABŞ lisenziyası əsasında "Patriot" raketləri istehsal etməyə icazə verilməsi gələcəkdə Rusiyanın ballistik raket təhlükəsini ciddi şəkildə azalda bilər.

"Euronews": Avropa ABŞ-dan asılılığı azaltmağa çalışır

Telekanalın təhlilinə görə, sammit NATO-nun "avropalaşması" istiqamətində ilk ciddi addımlardan biri olub.

Ekspertlər hesab edirlər ki, Avropa ölkələri artıq ABŞ-ın hərbi dəstəyinə əvvəlki qədər güvənmir və öz müdafiə sənayesini sürətlə inkişaf etdirməyə çalışır.

Associated Press: Ukraynanın əsas yükünü artıq Avropa daşıyacaq

Agentlik qeyd edir ki, Tramp Volodimir Zelenskiyə münasibətdə ritorikasını yumşaldıb və müttəfiqlər Ukraynaya yeni hərbi yardım paketini razılaşdırıblar.

Bununla yanaşı, AP vurğulayır ki, Vaşinqtonun maliyyə dəstəyi xeyli azaldığından, Kiyevə yardımın əsas yükü bundan sonra Avropa ölkələrinin üzərinə düşəcək.

"The Wall Street Journal": Sammitin əsas məqsədi Trampla mübahisədən yayınmaq idi

Qəzet hesab edir ki, NATO ölkələri üçün əsas uğur artıq böyük siyasi qərarlar deyil, Donald Trampla açıq qarşıdurmadan yayınmaq sayılır.

Nəşrin yazdığına görə, sammit başa çatdıqdan sonra Avropa rəsmilərindən biri təəssüratını cəmi bir sözlə ifadə edib:"Şükür..."

Politico: Qapalı görüşdə Tramp daha yumşaq görünüb

Politico yazır ki, Tramp sammitin əvvəlində NATO, İspaniya və Danimarkanı sərt tənqid etsə də, liderlərlə qapalı görüş zamanı daha mülayim mövqe nümayiş etdirib.

Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ prezidenti həmin görüşdə müttəfiqlərinə "Biz sizinlə qalmaq istəyirik" mesajını verib.

Bununla belə, Politico qeyd edir ki, NATO rəsmiləri Trampın bu ritorika dəyişikliyinin səbəblərini tam izah edə bilmirlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR