İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Milli Qvardiyası demokratların rəhbərlik etdiyi ştatlardan geri çağırılır

463 01.01.2026 08:30 Dünya A A

Vaşinqton administrasiyası Kaliforniyanın Los-Anceles, Oreqon ştatının Portland və İllinoys ştatının Çikaqo şəhərlərindən Milli Qvardiya qoşunlarını çıxarır.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb: "Biz Milli Qvardiyanı Çikaqo, Los-Anceles və Portlenddən geri çəkirik, baxmayaraq ki, bu şəhərlərdə cinayətkarlıq səviyyəsi bu vətənpərvərlərin iştirakı sayəsində və yalnız buna görə əhəmiyyətli dərəcədə azalıb. Portlend, Los-Anceles və Çikaqo federal müdaxilə olmadan itiriləcəkdi. Cinayətkarlıq yenidən artmağa başlayanda, bəlkə də daha fərqli və daha güclü formada geri qayıdacağıq. Bu, yalnız zaman məsələsidir".

Tramp adları çəkilən ştatların demokrat rəhbərliyini yenə tənqid edib: "Xüsusilə də əldə etdiyimiz böyük uğurları nəzərə alsaq, son dərəcə səriştəsiz olan Demokrat merlərin və qubernatorların bizim getməyimizi istədiklərinə inanmaq çətindir".

Tramp administrasiyası əvvəllər iğtişaşları yatırmaq və sənədsiz immiqrantların kütləvi deportasiyasına görə məsul olanların təhlükəsizliyini təmin etmək adı ilə bu və digər Amerika şəhərlərində Milli Qvardiya qoşunlarının mövcudluğunda israr etmişdi. Trampın qeyd etdiyi bütün şəhər və ştatlar hazırda Vaşinqton administrasiyasını immiqrantlara qarşı həddindən artıq sərt tədbirlər görməkdə ittiham edən müxalif Demokrat Partiyasının üzvləri tərəfindən idarə olunur.

ABŞ Ali Məhkəməsi əvvəllər Tramp administrasiyasının Çikaqodakı iğtişaşları yatırmaq üçün bu mərhələdə Milli Qvardiya yerləşdirməsini qadağan edib. 23 dekabr tarixli qərarda ABŞ-ın ən yüksək məhkəməsi federal hakimiyyət orqanlarının indiyə qədər "hərbçilərin İllinoysda qanunları tətbiq etməsinə imkan verəcək səlahiyyət mənbəyini müəyyən edə bilmədiyini" qeyd edib. Ölkə daxilində bir neçə digər məhkəmə də əvvəllər Trampın Milli Qvardiya qoşunlarını Demokratların nəzarətində olan ştatlara yerləşdirmək əmrini bloklamışdı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR