Regionda nüfuz savaşının güclənməsi Vaşinqtonun qərarlarını daha həssas edir - bu təyinatlar baş verməyənədək...
Cənubi Qafqazda geosiyasi rəqabətin getdikcə dərinləşdiyi bir vaxtda ABŞ-nin Azərbaycan, Ermənistan və Gürcüstanda uzun müddətdir səfir təyin etməməsi diqqət çəkən məqamlardan biridir. Regionda Rusiya, Türkiyə, İran, Avropa İttifaqı və ABŞ arasında nüfuz uğrunda mübarizə gücləndiyi halda, Vaşinqtonun diplomatik təmsilçilik məsələsində ehtiyatlı davranması müxtəlif şərhlərə səbəb olur.
İyunun əvvəlində ABŞ Prezidenti Donald Tramp Aleksandr Aldeni Azərbaycanın ABŞ-dəki yeni səfiri vəzifəsinə namizəd irəli sürüb. Onun namizədliyi artıq Senata təqdim edilib və təsdiq prosedurunu gözləyir. Lakin hazırda təkcə Azərbaycanda deyil, Ermənistan və Gürcüstanda da ABŞ səfirliklərinə müvəqqəti işlər vəkilləri rəhbərlik edir.
Bu vəziyyət ilk baxışda diplomatik boşluq təsiri bağışlasa da, əslində ABŞ administrasiyasının bölgəyə münasibətdə seçdiyi taktikanın tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ-də səfirlərin təyin olunması prezidentin təqdimatı və Senatın təsdiqi ilə həyata keçirilir. Daxili siyasi çəkişmələr, Senatda təsdiq prosesinin uzanması və administrasiyanın xarici siyasət prioritetlərinin dəyişməsi bu cür gecikmələri adi hala çevirir.
Lakin Cənubi Qafqaz məsələsində təkcə texniki səbəblərdən danışmaq kifayət deyil. Region son illərdə tamamilə yeni geosiyasi mərhələyə qədəm qoyub. Azərbaycan-Ermənistan münaqişəsinin yeni mərhələsi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı reallıqlar, İran ətrafında artan gərginlik və Türkiyənin regional təsirinin güclənməsi Vaşinqtonun qərarlarını daha həssas edir. Belə mürəkkəb şəraitdə ABŞ üçün klassik diplomat deyil, siyasi və təhlükəsizlik böhranlarını idarə edə biləcək təcrübəli nümayəndə daha vacib hesab olunur.
Ermənistanda vəziyyət daha mürəkkəbdir. İrəvanın Qərblə yaxınlaşması fonunda Moskva ilə münasibətlərin kəskinləşməsi ölkəni geosiyasi keçid mərhələsinə gətirib çıxarıb. ABŞ bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini müşahidə etməyə üstünlük verir. Gürcüstanda isə daxili siyasi böhran, hakimiyyətlə Qərb arasında münasibətlərin gərginləşməsi və ABŞ ilə əlaqələrdə yaranan soyuqluq yeni səfirin təyinatını daha həssas siyasi qərara çevirib. Vaşinqtonun bu ölkədə də tələsməməsi mövcud siyasi proseslərin nəticəsini gözləməsi ilə izah olunur.
Ekspertlər hesab edirlər ki, ABŞ-nin Cənubi Qafqazın üç ölkəsində eyni vaxtda səfir təyin etməməsi bölgədən geri çəkilməsi anlamına gəlmir. Əksinə, bu, Vaşinqtonun hadisələrin inkişafını izləmək, yeni geosiyasi balansın formalaşmasını gözləmək və yalnız bundan sonra daha uzunmüddətli siyasi öhdəliklər götürmək strategiyasının göstəricisidir.
Başqa sözlə, ABŞ Cənubi Qafqazdan uzaqlaşmır. Vaşinqton bölgədə mövcudluğunu qoruyur, lakin hazırkı mərhələdə açıq və sərt siyasi addımlardansa, daha çevik və səssiz diplomatiyaya üstünlük verir. Aleksandr Aldenin namizədliyinin Senatda təsdiqlənməsi isə Azərbaycanın ABŞ siyasətində prioritet istiqamətlərdən biri olaraq qalmağa davam etdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilə bilər. Bununla belə, Ermənistan və Gürcüstan üzrə analoji təyinatlar baş verməyənədək Vaşinqtonun bütövlükdə Cənubi Qafqaz strategiyasının hansı mərhələyə keçəcəyini söyləmək hələ tezdir.

Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə əmindir ki, regionda ilk səfir təyinatı Azərbaycana olacaq. Bunu Azərbaycan-ABŞ münasibətləri üçün olduqca önəmli mərhələ adlandıran hüquqşünasın fikrincə, Senatın Trampın namizədini təsdiqləməsi qaçılmazdır. Lakin Ç.Qənizadə səfirsiz də bu əlaqələrin inkişafda olduğu qənaətindədir: “Tramp hökuməti ilə Bakı arasında təmaslar ən yüksək səviyyədədir. Əvvəla, cənab prezidentlə Donald Tramp arasında şəxsi münasibətlər yüksək səviyyədədir. Bundan əlavə, Bakıya vitse-prezident Vens səfər edib, həmçinin dövlət katibi Rubio Azərbaycana xoş məramını ifadə edib. Bütün bunlar səfirsiz inkişaf edən əlaqələrdir. Yəni düşünmürəm ki, səfirin yoxluğu hər hansı boşluq yaradıb. Sadəcə, yaxşı olardı ki, ABŞ səfiri fəaliyyətə tezliklə başlasın və münasibətlərin dinamik inkişafına töhfə versin. Çünki istənilən ölkədə səfirin missiyası təmasların inkişafında həm də mobillik, çeviklik baxımdan mühüm rol oynayır. Zənnimcə, Senat Trampın namizədini təsdiq edəcək. Azərbaycanın da ümidvaram ki, aqreman cəhətdən mənfi rəyi olmayacaq. Baxmayaraq ki, həmin namizədin erməni kökənli olduğu haqda iddialar səslənir”.
Hüquq müdafiəçisi hesab edir ki, ABŞ-dən Azərbaycana səfir təyinatında həmişə gecikmələr olub: “Bunun bir səbəbi də Senatın təsdiqləməni gecikdirməsidir. Bu struktura isə həmişə erməni lobbisi təsir edir. Məsələn, Brayzanın ətrafında böyük bir çirkin kampaniya qurulmuşdu. Odur ki, biz məsələyə səfirin təyinatının yubanması aspektindən baxmaqdansa, Azərbaycan-ABŞ əlaqələrinin indiki inkişafına nəzər yetirməliyik. Hazırda münasibətlər tarixində heç vaxt olmadığı qədər yüksəlişdədir. Bu da cənab Trampın Azərbaycana xoş niyyətindən irəli gəlir. Elə buna görə də səfir postuna namizəd işini çox gecikdirmədi və irəli sürdü. Nəzərə alaq ki, ABŞ administrasiyası hazırda mürəkkəb beynəlxalq siyasi proseslər içərisindədir”.
Ç.Qənizadə bütün hallarda güman edir ki, ABŞ rəhbərliyi Cənubi Qafqazla bağlı siyasətini sürətləndirməlidir və bunun tərkib hissəsi də səfirlərin hər üç respublikaya təyinatıdır: “Madam ki, bu regionda təsir gücünü artırmaq niyyəti var, onda səfirlər də tezliklə göndərilməlidir. Xüsusən də ABŞ Ermənistanda iş aparır. Məqsəd bu ölkəni Rusiyanın orbitindən uzaqlaşdırmaqdır. O ayrı məsələdir ki, Vaşinqton hədəfinə nə dərəcədə çatacaq. Lakin elə birinci Ermənistandan başlanmalıdır. Yəni bu, geosiyasi hədəflərdən hesab olunur. Doğrudur, ABŞ diplomatik heyət cəhətdən İraqdan sonra ən böyük səfirliyi Ermənistanda saxlayır. Amma səfirsiz fəaliyyət göstərməsinin özü sual doğurur. Həmçinin Gürcüstanda zəifləyən mövqeni yenidən qaytarmaq üçün bir addım da səfir təyinatı olmalıdır. Ona görə də ABŞ hər üç ölkədə səfirlərsiz diplomatiya yürütsə də, elçilərə ehtiyac qalmadığını iddia etmək məntiqli olmaz”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






