Birləşmiş Ştatlar Suriyadakı hərbi varlığına son qoymaq istiqamətində növbəti böyük addımı atıb.
Musavat.com xəbər verir ki, AFP agentliyinin verdiyi məlumata görə, ABŞ ordusu Suriyanın şimal-şərqində, Həsəkə vilayətinin kənd bölgəsində yerləşən sonuncu mühüm hərbi obyektlərindən biri olan "Kasrak" bazasından qüvvələrini çıxarmağa başlayıb.
Onlarla TIR və zirehli texnika sərhədə doğru
Hadisə şahidlərinin bildirdiyinə görə, onlarla yük avtomobili və hərbi texnikadan ibarət geniş karvan bazanı tərk edərək İraq sərhədinə doğru hərəkət edib. Karvanda hərbi avadanlıqlar, lojistik ləvazimatlar və şəxsi heyətin daşındığı müşahidə olunub.
ABŞ son bir ay ərzində Suriyadakı mövqelərini sürətlə zəiflədir. Belə ki, artıq Şəddadi və strateji əhəmiyyətli Ət-Tanf bazalarındakı qüvvələr tamamilə geri çəkilib. Bu addımlar Donald Tramp administrasiyasının ABŞ qoşunlarını "bitməyən müharibələr"dən çıxarmaq vədi ilə üst-üstə düşür.
Hazırda ABŞ hərbçiləri Suriya ərazisində cəmi bir neçə məntəqədə — Rumeylan, Hərab-Cira və "Life Stone" bazalarında mövcudluğunu qoruyub saxlayır. Lakin ekspertlər hesab edirlər ki, "Kasrak"ın boşaldılması digər məntəqələrin də yaxın vaxtlarda təhvil veriləcəyinə işarədir.
Pentaqonun bu həmləsi regionda Türkiyə, Rusiya və İranın təsir dairəsinin genişlənməsinə, eləcə də yerli kürd qüvvələrinin (YPG/SDG) gələcəyi ilə bağlı yeni sualların yaranmasına səbəb olub.
Musavat.com






