ABŞ tanınmış iranlı iş adamı Məhəmməd Hüseyn Şamxani ilə əlaqəli olan 50-dən çox şəxsə, təşkilata və gəmiyə sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, məhdudiyyətlərə ikili Rusiya-İran vətəndaşlığına malik olan iş adamı Əli Rəhbərmədəni də daxildir.
ABŞ Maliyyə Nazirliyi məhdudiyyətlərin Şamxani və onun biznes tərəfdaşlarına qarşı "təzyiqi gücləndirmək" üçün tətbiq olunduğunu açıqlayıb.
Nazirlik bildirir ki, Şamxani Qərb sanksiyalarına qarşı "qanunsuz daşınma" və "sanksiyalardan yayınma" ilə əlaqəlidir: "Şamxani şəbəkəsi İranın neft ixracının arxasında duran əsas qüvvə olaraq qalır və qlobal konteyner daşınması və əmtəə ticarətinə də genişlənib".
Qara siyahıya Danimarka, Hindistan və İtaliya vətəndaşları, Britaniya vətəndaşları, Honkonq, BƏƏ və Sinqapurda yerləşən şirkətlər və Antiqua və Barbuda, Barbados, Marşal Adaları və Palau bayraqları altında üzən gəmilər daxildir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu siyahıya həmçinin Şamxani tərəfindən idarə olunan və İranla Rusiya arasında Xəzər dənizi üzərindən yük daşıyan bir neçə gəmi daxildir.
Bildirilir ki, Şamxani ilə əlaqəli olan 200-dən çox şəxs, qurum və gəmi artıq qara siyahıya salınıb.
Musavat.com






