Ağdam rayonunun Çəmənli kəndi ərazisində minaya düşən traktorçunun vəziyyəti açıqlanıb.
Ağdam Rayon Mərkəzi Xəstəxanasından Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 17.12.2025-ci il tarixində saat 22:40 radələrində 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“1982-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
İxtisaslı tibbi xidmətin göstərilməsi üçün pasiyent saat 23:30 radələrində Mingəçevir şəhərində özəl tibb müəssisəsinə təxliyə olunub”.
Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 17 dekabr tarixində saat 22:00 radələrində mina hadisəsi baş verib.
1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
Şahanə Rəhimli,
Musavat.com






