ChatGPT chatbotunun yaradıcısı olan Amerika şirkəti OpenAI-nin süni intellekt (Sİ) modelinin Hugging Face startapına hücumu bütün sənaye üçün bir xəbərdarlıqdır.
Musavat.com xəbər verir ki, bunu Microsoft-un Sİ üzrə baş direktoru və Google DeepMind-in həmtəsisçisi Mustafa Süleyman Financial Times qəzetinə verdiyi müsahibədə deyib:
“Bunlar çox güclü alətlərdir və onlarla çox diqqətlə davranmaq lazımdır. Biz detallara diqqət yetirməliyik. Modellər getdikcə daha da təkmilləşir və düşünürəm ki, bu, xəbərdarlıq əlamətidir".
Microsoft-un təhlükəsizlik rəhbəri Hayet Gallot şirkətin Sİ hücumlarına qarşı müdafiənin inkişafına investisiya qoymaqdan başqa "çarəsi olmadığını" qeyd edib.
Qeyd edək ki, 16 iyulda Sİ modelləri və onlara əsaslanan məhsulların yaradıcılarına məlumatları paylaşmağa və işlərini ona əsaslanaraq dəyişdirməyə imkan verən Hugging Face, öz sistemlərinə icazəsiz müdaxilə aşkar etdiyini açıqlayıb. Şirkət hadisəni görünməmiş hal adlandırıb, çünki haker hücumu "əvvəldən axıra qədər" Sİ agenti tərəfindən təşkil edilib.
İyulun 22-də OpenAI hücumun onun süni intellekt modelləri tərəfindən həyata keçirildiyini elan edib və açıqlayıb ki, sınaq zamanı onlar daxili, təcrid olunmuş sistemdən internetə "qaçaraq" Hugging Face verilənlər bazalarında test suallarına cavab axtara biliblər.
Musavat.com






